15 qram ağırlığında 1 TB-lıq SSD təqdim edilib

1411

Xarici sərtgövdəli daşıyıcılar məlumat tutumuna və işləmə sürətinə görə ənənəvi fləş kartları üstələyir, amma ölçüsünə görə sonuncudan geri qalırlar. Bu vəziyyəti düzəltmək üçün “Buffalo” şirkəti zərbəyə davamlı korpusda hazırlanmış miniatür SSD istehsal xəttini təqdim edib. Böyük məlumat tutumuna malik olan qurğunun ölçüsü adi kibrit qutusu ilə müqayisə edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Buffalo” şirkətinin “SSD-PSMU3” adlı miniatür daşıyıcının korpusu “MIL-STD-810G” standartı üzrə qorunur və 1,2 metr hündürlükdən yerə düşməyə davamlıdır. Yaddaş tutumu 120, 250, 480 və 960 QB təşkil edən versiyalarda təqdim edilmiş yeni qurğunun çəkisi 15 qram təşkil edir.

Qurğunun fərdi kompüterə qoşulması “USB 3.2 Gen 1” konnektoru vasitəsilə həyata keçirilir. Məlumatların ötürülmə sürəti 430 MB/s-dək təşkil edir. Ağ, göy və çəhrayı korpuslarda buraxılan yeni qurğunun qiyməti yaddaş tutumundan asılı olaraq 54-dən 210 dollaradək təşkil edəcək.

Emil Hüseynov

PAYLAŞ