AMEA Aşqarlar Kimya İnstitutunun alimlərinin fəaliyyətinə karantin rejimi ciddi təsir göstərməyib

1205

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) alimləri “Covid-19” pandemiyası ilə əlaqədar ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərini gözləməklə fəaliyyətini davam etdirir və  elmi tədqiqatlarını yerinə yetirirlər. Bu haqda məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayevin sözlərinə görə hazırda müvafiq laboratoriya və şöbələr tərəfindən 2020-ci ilin ilk yarım ilinin hesabatları yazılı şəkildə təqdim olunur: “Bu hesabat dövrünün əsas hissəsi (29 mart-18 may 2020-ci il) məlum olduğu kimi ciddi karantin rejiminə təsadüf edib. Ona görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və məlumatlandırıcı tövsiyələri, eləcə də AMEA Prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və göstərişləri əsasında AKİ alim və mütəxəssisləri də distant formada fəaliyyət göstərmişlər. Sonrakı dövrlərdə isə karantin rejiminin yumşaldılması qərarına uyğun olaraq İnstitutda əsas qaydalar gözlənilməklə işçilərin hamısı işə cəlb olunmuş və ötən müddətdə yarımçıq qalan təcrübi tədqiqatlar davam etdirilmişdir. Distant fəaliyyət olsa belə, fəaliyyətimizdə ciddi problemlər yaranmamışdır. Cari ilin 6 aylıq hesabatlarının nəticələrindən çıxış edərək deyə bilərəm ki, İnstitutda fundamental nəzəri-təcrübi, həmçinin, tətbiqiyönlü tədqiqatlar uğurla davam etdirilmiş və mühüm nəticələr əldə olunmuşdur. Məsələn, önəm verdiyimiz beynəlxalq tədqiqat qrupları ilə İnstitut əməkdaşlarının sintez etdikləri yeni üzvi reagentlərin üzərində ilk dəfə aparılan  “moekulyar dokinq” tədqiqatlarla, onların bir çox xəstəliklərə qarşı analoq dərman maddələri ilə müqayisədə daha təsirli inhibitorlar olduğu təsdiq edilib. Bu mühüm nəticələrin nüfuzlu jurnallarda dərc olunduğu məqalələrə olan dünya alimlərinin istinadları bu fikirlərimizi əyani təsdiq edir. Konkret olaraq, Belarus Milli Elmlər Akademiyasının Bioloji aktiv birləşmələrin biokimyası İnstitutu ilə “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” mövzusunda müştərək beynəlxalq layihə çərçivəsində iş planına uyğun şəkildə sistemli tədqiqatlar aparılmış və bir sıra mühüm nəticələr əldə olunmuşdur. Belə ki, AKİ-də sintez olunan yeni heterotsiklik birləşmələrin Bioloji aktiv birləşmələrin biokimyası İnstitutunun “Molekulyar genetika” laboratoriyasında hüceyrə və toxumalarda fəal birləşmələr əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması, onların effektivliyinin heyvanlar üzərində eksperimental modellərdə qiymətləndirilməsi (antioksidant xassələri, qaraciyərin mitoxondirisinin membran potensialına təsiri, və bioloji fəaliyyət spektrinin kompüter hesablamaları) müfəssəl tədqiq edilmiş həmin maddələrin standart dərman maddələrinə nisbətən yüksək təsir göstərdiyi müəyyən edilmişdir. Əldə olunan mühüm nəticələrlə bağlı nüfuzlu xarici jurnallarda 2 məqalə çap edilmiş və 3 məqalə çapa göndərilmişdir”.

Ə.Sucayev qeyd etdi ki, hesabat dövründə AKİ alimləri tərəfindən İnstitutun əsas profilinə uyğun olaraq yaradılan aşqarların sınaq işləri davam etdirilmiş, onların patentləşdirilməsi, məqalə və tezislər şəklində çap olunması məsələləri yüksək səviyyədə yerinə yetirilmişdir.

O bildirdi ki, AKİ alim və mütəxəssisləri onlayn formatda keçirilən konfranslarda iştirak edərək, əldə etdikləri nəticələrlə bağlı məruzələr də etmişlər.

Ə.Sucayev dedi ki, hazırda distant formada davam etdirilən I kurs magistrantların tədris prosesi yekunlaşmaq üzrədir. Onların iyul ayı ərzində ənənvi qaydada imtahanları təşkil olunacaq. II kurs magistrantların isə 29 iyun 2020-ci il tarixdə dissertasiya işlərinin yekun müdafiəsi keçiriləcək.

PAYLAŞ