AMEA Aşqarlar Kimyası İnstitutu 2020-ci ildə fundamental elmi-nəzəri və tətbiqi əhəmiyyətli nəticələr əldə edib

1069

AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu əməkdaşları tərəfindən 2020-ci ildə “Zərif üzvi sintezin və komputer modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi” problemi üzrə 5 mühüm elmi nəticə əldə olunmuşdur. Onlardan 4-ü elmi-fundamental xarakterli olmaqla, tərkibində müxtəlif funksional qruplar saxlayan yeni üzvi reagentlərin sintezi və fizioloji fəallıqlarının tədqiqi ilə bağlıdır. Hər bir nəticə yüksək impakt faktorlu xarici jurnalda məqalə şəklində dərc olunmuşdur. 1 mühüm nəticə isə tətbiqi xarakterli olmaqla, xüsusi təyinatlı itiyerişli nəqliyyat dizellərində istifadə edilən M-16ИХП-3 motor yağının yeni, yüksək keyfiyyətli analoqu M-16ИХП-3y  xüsusi təyinatlı motor yağının işlənilməsidir.

Azərbaycan, Ukrayna və Pakistan ordusunun xüsusi texnikalarında istifadə edilmək üçün nəzərdə tutulan motor yağının Yüksək Texnologiyalar Parkında hazırlanan sınaq nümunəsi Xarkov şəhərində yerləşən Malışev adına xüsusi təyinatlı zavodda bir neçə mərhələli sınaqlardan uğurla keçdiyindən, böyük həcmli ixracla bağlı müqavilənin bağlanılması nəzərdə tutulur.

İl ərzində çap olunmuş məqalələrin sayı 42 (Azərbaycan mətbuatında –13, xaricdə – 29 (onlardan 16-ı impakt faktorlu jurnallarda, o cümlədən 13-ü Web of Science (Clarivate Analitics) və Scopus, 3 məqalə isə РИНЦ bazasına daxil olan jurnallarda) olmuşdur. İnstitut alimlərinin məqalələrinə 300-ə yaxın istinad edilmişdir.

“Vaqif Məcid oğlu Fərzəliyev.Biobiblioqrafik göstərici” kitabı yeni redaktədə nəşr olunmuş, “Tietanlar kimyası” monoqrafiyası (müəlliflər: V.Fərzəliyev, S.Babayev, Ə.Sucayev) çapa hazırlanmışdır.

Hesabat dövründə alınmış patentlərin sayı 20, patentə verilmiş iddia sənədlərinin sayı 5, ekspertizadan müsbət “Qərar”la keçmiş iddia sənədlərin sayı 14, ekspertizadakı sənədlərin sayı isə 11-dir.

İnstitut alimləri 2020-ci ildə 2 beynəlxalq və 4 yerli qrant layihələri üzrə müvafiq tədqiqatlar yerinə yetirmişlər.

Beynəlxalq müştərək əməkdaşlıq çərçivəsində 2 qrant layihəsi yerinə yetirilmiş və əldə olunan elmi nəticələr nüfuzlu jurnallarda 7 məqalə və 5 konfrans materialında çap olunmuşdur.

 

İnstitutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı AMEA “Aşqar” EİB-də davam olunaraq yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunmaq üçün ARDNŞ-ə təqdim olunur. İstehsal olunan “Depressator-AKİ” aşqarı institut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilir.

Eyni zamanda Ukraynanın xüsusi təyinatlı təşkilatının sifarişi ilə əlaqədar İnstitutda itiyerişli nəqliyyat dizellərində istifadə edilən M-16ИХП-3 motor yağının “Yerüstü texnikanın itiyerişli yüksək gücləndirilmiş dizel mühərrikləri üçün motor yağı” adlı yeni analoqu (M-16ИХП-3y) və AMEA TSZ-da istehsalı nəzərdə tutulan bu yeni motor yağı üçün Texniki Şərtlər AZ 1500051871 işlənilmişdir.

Həmçinin, modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının İnstitutda yaradılmış regenerasiyası texnologiyasının AMEA YTP-nin Təcrübə Sənaye Zavodunda tətbiqi üzrə işlər davam etdirilir.

İnstitut 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 14 000 AZN, o cümlədən İnstitutun Həmkarlar Təşkilatı YAŞAT Fonduna 1000 AZN vəsait köçürmüşdür.

İnstitutda 214 əməkdaş fəaliyyət göstərir. Elmi işçilərin sayı 84 nəfərdir ki, bunlardan 13-ü elmlər doktoru, 36-ı isə fəlsəfə doktorudur.

Hazırda İnstitutda 2 magistrant II kursda təhsilini davam etdirir.

PAYLAŞ