AMEA Aşqarlar Kimyası İnstitutu ilə YT Park arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

120

Bu gün AMEA-nın  akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda AMEA Yüksək Texnologiyalar Parkının nümayəndələri (YT Park) ilə  görüş keçirilib.

İnstitutn direktor akademik Vaqif Fərzəliyev bildirib ki, bu görüşün əsas məqsədi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün iki qurum arasında növbəti mərhələdə birgə layihələrin həyata keçirilməsi üçün prioritet istiqamət və mövzuların seçilməsi, birgə fəaliyyətin dərinləşdirilməsi və sair məsələlərinin geniş müzakirə edilməsidir.

V.Fərzəliyev indiyə qədər iki müəssisə arasında birgə həyata keçirilən layihələr haqqında məlumat verərək əməkdaşlığın səviyyəsinin qənaətbəxş olduğunu bildirib. O, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində əldə olunmuş bir sıra mühüm elmi nəticələrin YT Parkın  rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində istehsalının həyata keçirildiyini deyib: “Artıq məlum olduğu kimi alimlərimiz tərəfindən yaradılmış “M-16ИХП-3У” xüsusi təyinatlı mühərrik yağının Ukraynada yerləşən xüsusi təyinatlı müəssisə tərəfindən müqayisəli şəkildə sınaqlar keçirildiyini və bizim yağın bütün parametrlər üzrə üstün olduğu təsdiqlənib. Bu yaxınlarda müqavilələrin bağlanması və qarşıda duran məsələləri müzakirə etmək üçün sözügedən zavodun nümayəndələri Azərbaycana gələcək”. V.Fərzəliyev dörd mərhələli sınaqdan uğurla keçərək müsbət rəy almış yağın ixracını təmin etmək məqsədilə Pakistan ilə də danışıqların aparıldığını qeyd edib.

AKİ-nin direktoru iki qurum arasında müxtəlif istiqamətlərdə aparılan birgə əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirməklə yüksək nəticələr əldə olunacağına əminliyini bildirib.

Tədbirin sonunda AKİ ilə YT Park və TSZ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində təklif və tövsiyələr irəli sürülüb, müvafiq tapşırıqlar verilib.

Görüşdə Texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) istehsal üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov və zavodun baş mühəndisi Adil Ağayev iştirak ediblər.

PAYLAŞ