AMEA Aşqarlar Kimyası İnstitutu Qadınlar Şurası ermənilərin Azərbaycan şəhər və rayonlarının mülki əhalisinə yönələn terror aktlarını pisləyən bəyanat verdi

1217

“Son günlər ermənilərin Azərbaycanın cəbhə xəttindən uzaq yerləşən şəhər və rayonların dinc sakinlərinə qarşı törətdikləri cinayəntlər Ermənistanın terror dövləti olduğunun növbəti bariz nümunəsidir”. Bu  fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu Qadınlar Şurasının sədri, texnika elmləri doktoru, professor Həqiqət Cavadova sözügedən elmi müəssisənin alim və mütəxəssisləri ilə keçirdiyi görüşdə səsləndirib. Onun sözlərinə görə, bölgədəki son gərginlik, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması siyasi-hərbi rəhbərliyinin əvvəlcədən planlaşdırılmış siyasətinin nəticəsidir.

Şura sədri bildirilib ki, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb və bu hücum nəticəsində 10 mülki şəxs həlak olub, o cümlədən aralarında azyaşlı uşaqlar da olmaqla, 30-dan çox vətəndaşımız yaralanıb: “Birmənalı deyə bilərik ki, mülki əhalini və mülki obyektləri hədəfə alan erməni faşistlərinin terror hücumları müharibə cinayətidir, beynəlxalq hüququn, o cümlədən Cenevrə Konvensiyasının tələblərinə daban-dabana ziddir. Erməni faşistlərinin beynəlxalq hüququn tələblərini saymaması və zaman-zaman törətdikləri cinayətlərin cəzasız qalması onları mütəmadi belə terror aktları törətməyə vadar edir”.

H.Cavadova: “Ermənistanın ölkəmizin ikinci böyük şəhəri olan Gəncə və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərləri və digər yaşayış məntəqələrini də ağır artilleriya, həmçinin raket atəşinə tutmasına dünya təşkilatları dur deməlidir.”

AKİ-nin elmi katibi, k.ü.f.d. Mehparə Səfərova bildirib ki, İnstitutun beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi nüfuzlu elmi mərkəzlərə son hadisələrlə bağlı bəyanat göndərilməli, Azərbaycan həqiqətləri tərəfdaşlarımıza çatdırılmalı və bununla da baş verənlərin nüfuzlu dünya alimləri tərəfindən düzgün qiymətləndirilməsinə nail olmaq lazımdır.

Tədbirdə çıxış edən digər alimlər öz fikir və mülahizələrini bölüşüblər.

PAYLAŞ