AMEA Aşqarlar Kimyası İnstitutunda “2 fevral Gənclər Günü”ndə fərqlənən gənclər təltif olunub

104

Bu gün “2 fevral – Azərbaycan Gəncləri günü” ilə əlaqədar AMEA Aşqarlar Kimyası İnstitutu YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, bütün dövrlərdə dövlətin gənclərə diqqət və qayğısı olub: “Ümummilli Liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə «2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında» Sərəncam imzalamışdır. Sərəncam qüvvəyə mindiyi gündən ötən müddətdə 25 ildir ki, Azərbaycan Gəncləri günü qeyd edilir. Bu gənclərimizə olan diqqətin ən bariz nümunəsidir”.
V.Fərzəliyev vurğuladı ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur: “Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır”.

Akademik qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində Böyük Zəfərin qazanılmasında gənclərimizin böyük rolu olmuşdur.

O elm sahəsindən gənc alim və mütəxəssislərə böyük ehtiyac olduğunu, elmin parlaq sabahının məhz indi yetişən gənclərin istedad və bacarıqlarından aslı olduğunu qeyd etdi.
Sonra İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova çıxış edərək bildirdi ki, istər ölkə, istərsə də AMEA səviyyəsində müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. “Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır”, deyə vurğuladı.
İnstitutun icraçı direktoru dosent Əfasun Sucayev, İnstitut YAP Ərazi Təşkilatının sədr müavini k.ü.f.d. Səbiyə Osmanova çıxış edərək gəncləri təbrik etdilər və öz tövsiyələrini verdilər.

Tədbirin sonunda AMEA Aşqarlar Kimyası İnstitutu gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyətini əks etdirən video-rolik nümayiş olundu və 2021-ci il üzrə fərqlənən gənclər diplomlarla təltif olundular.

PAYLAŞ