AMEA Aşqarlar Kimyası İnstitutunda 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin əsas hədəfləri müzakirə olunub

1052

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının 2021-ci il üzrə ilk iclası keçirilib. AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunan 2021-2025-ci illərdə aparılacaq elmi tədqiqat işlərinin planlarının müzakirəsinə həsr olunan toplantıda çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, yeni təsdiq edilən sənədin əsas mahiyyəti AMEA-nın bütün digər elmi-tədqiqat müəssisələrində  aparılacaq elmi araşdırmaların dünya  elminin müasir və aktuallıq kəsb edən prioritet istiqamətlərinə, eyni zamanda ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına uyğun olmalıdır. Onun üçün yeni tələblər  əsasında  hər bir elmi  müəssisə  üzrə elmi  tədqiqat  işlərinin uzunmüddətli mövzu planının tərtib edilməsi zərurəti yaranıb.

V.Fərzəliyev bildirdi ki, bu nöqteyi-nəzərdən fundamental-nəzəri və tətbiqi sahədə ixtisaslaşmış bir elmi müəssisə kimi  Aşqarlar Kimyası İnstitutu  əsasən yanacaq-energetika kompleksinin     inkişafı     sahəsində     elmi     tədqiqatlar və iqtisadiyyatın  qeyri-neft sektorunun   inkişafına yönəldilmiş   tədqiqatlara önəm verməlidir. Bundan  əlavə, əhalinin sağlamlığı   ilə   bağlı   tibbi   araşdırmalar diqqət  mərkəzində  saxlanıla bilər: “Məlum olduğu kimi İnstitutda həm beynəlxalq səviyyədə dünyanın bir çox aparıcı elm mərkəzləri, istərsə də AMEA-nın biologiya və tibb elmləri bölməsinin bir çox institutları ilə fizioloji fəal maddələrin yaradılması və tədqiqi ististiqamətində müfəssəl tədqiqatlar aparılır və əldə etdiyimiz mühüm elmi nəticələr Web of Science, Scopus və digər elmi bazalara daxil olan nüfuzlu xarici jurnallarda çap olunur. Bundan sonra bu istiqamətdə tədqiqatları daha da genişləndirmək lazımdır”.

Akademikin sözlərinə görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması Akademiya alimləri o cümlədən kimyaçıların tədqiqatlarında bu sahədə uyğun mövzu üzrə araşdırmalara yer verməsini vacib edib: “Biz bu istiqamətdə AMEA Rəyasət Heyətinə mövzu təklif etmişik. Ona görə növbəti 5 il ərzində bu sahədə digər bölmə institutları ilə elmi araşdırmaların aparılması mümkün olacaq”.

V.Fərzəliyev yuxarıda qeyd olunanları nəzərə alaraq, laboratoriya rəhbərlərinə 2021-2025-ci illər üçün mövzu və mərhələləri hazırlamaq göstərişi verdi: “Seçilmiş prioritetlərə uyğun olaraq elmi  tədqiqat işlərinin mövzuları hazırlanarkən bir sıra prinsiplər nəzərə alınmalıdır. Belə ki, laboratoriyanın müəyyənləşdirdiyi mövzu elmi, iqtisadi, texnoloji və hərbi məqsədli, həmçinin, fundamental elmi tədqiqatlar sahəsində əsasən, beynəlxalq  elmi birliklər çərçivəsində aparılacaq işləri özündə əks etdirməli, təqdim edilən  mövzular respublikamız  üçün  xüsusi  aktuallığa malik olmalı, konseptual xarakter daşımalı, o cümlədən, mövzu  planlaşdırılması  zamanı  bütün  elmi  tədqiqat  işlərinin  nəticəliliyi, praktiki əhəmiyyəti  göstərilməklə, beynəlxalq  elmi  nəşrlərdə  bu  işlərin öyrənilmə səviyyəsi və onlara istinadlar mütləq nəzərə alınmalıdır. Xüsusən də, tətbiqə tövsiyyəli  elmi  tədqiqat  işlərinin nəticəliliyi  həmin  işlərin    tətbiq imkanları  və respublika üzrə müxtəlif sahələrdə faydalılığı ilə ölçülməli, əlavə olaraq fundamental  elmi  işlər  yüksək  reytinqli  elmi jurnallarda  nəşr  və  onlara olan istinadlarla qiymətləndirilməlidir”.

İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri, tex. e.d., prof. H.Cavadova, k.e.d., prof. P.Məmmədova, baş elmi işçi, tex.e.d., dosent E.Nağıyeva çıxış edərək öz fikirlərini bildirdilər və təkliflərini səsləndirdilər.

PAYLAŞ