AMEA Aşqarlar Kimyası İnstitutunda “Elm Günü” ilə əlaqədar “Kaspi” lisey şagirdləri üçün “Açıq qapı” təşkil olunub

26

“27 mart Elm Günü” ilə əlaqədar AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “Açıq qapı” günləri təşkil olunub. AKİ Gənc Alim və Mütəxəssislər Şurasının Kaspi Təhsil Mərkəzi ilə əldə etdiyi razılığa uyğun olaraq, Mərkəzin lisey müəllim və şagirdləri İnstitutla yaxından tanış olublar. Şagirdlərlə görüş keçirən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev öncə bildirib ki, Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb: “Bu, dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, belə bir günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur”.

Onun sözlərinə görə, “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. Çünki AMEA məhz 1945-ci ilin 27 mart tarixində təsis edilmişdir. Akademiyanın yaradılmasının ölkəmizin elm həyatında baş verən ən önəmli hadisə kimi xarakterizə edən akademik V.Fərzəliyev akademik elmin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyasının mühüm rol oynadığını diqqətə çatdırıb: “Bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir”.

O, indinin özündə AMEA-nın ölkədə elmi siyasətin həyata keçirilməsində, akademik elmin yeni mərhələdə inkişaf etdirilməsi və ölkəmizin yüksək ixtisaslı kadrların hazırlığına böyük töhvələr verdiyini diqqətə çatdırdı.

V.Fərzəliyev rəhbərlik etdiyi qurumun fəaliyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, İnstitutda sürtgü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional  təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal maddələrin sintezi və tədqiq sahəsində fundamental  tədqiqatlar aparılır. O məktəblilərin qavradığı əyani nümunələr üzərində, asan dildə izah edərək qeyd edib ki, bu elm ocağında alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə, siyrilməyə qarşı, özlülük,  bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur və digər aşqarlar sintez edilmişdir.

Sonra məktəblilər İnstitutun laboratoriyalarını gəzərək, müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. AKİ laboratoriya müdiri və İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev, elmi işçi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov laboratoriyalarda istifadə olunan sintez və fiziki-kimyəvi analiz cihazları haqqında məlumat verdilər.

İnstitutun magistrantları Lalə Əliyeva və Nərgiz Məcdi məktəblilər üçün əylənçəli təcrübələr nümayiş etdirdilər.

 

 

PAYLAŞ