AMEA Aşqarlar Kimyası İnstitutunda Elmi Şuranın iclası keçirilib

183

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev ilk öncə AMEA Rəyasət Heyəti tərəfindən elmi işlər üzrə direktor müavini və elmi katib vəzifələrinə təsdiq olunan kimya elmləri doktoru, dosent Əfsun Sucayevi və kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərovanı kollektivə təqdim etdi. Sonra V.Fərzəliyev COVİD-19 pandemiyası ilə əlaqədar ölkə səviyyəsində elan olunmuş karantin rejimi dövründə rəgbərlik etdiyi müəssisə və onun alimlərinin “onlayn” rejimdə uğurla fəaliyyət göstərdiyini qeyd etdi. O bildirdi ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 18 may 2020-ci il tarixindən etibarən müəyyən yumşaldılma tədbirləri həyata keçirilmiş, ona görə işçilərin işə davamiyyəti, laboratoriya tədqiqatlarına cəlb olunması işləri görülməlidir: “Lakin iş yerində işçilərin say məhdudiyyəti qüvvədə qaldığından ilk növbədə ağır xroniki xəstəlik keçirən işçilərə güzəşt olunmalı, eyni zamanda 30 faiz limiti keçməməsi üçün məqsədəuyğun hesab edirik ki, hər laboratoriya və şöbələr üzrə işçilər növbəlilik prinsipi əsasında işə gəlib getsinlər. Çünki qarşıdan yarım illik hesabatlar vardır. Elmi işçilər apardıqları tədqiqatların nəticələrini analiz və təhlil etməli, ümumiləşdirmə aparıb, tezis, məqalə, patentlər yazmalı və cari hesabatlara hazırlaşmalıdırlar”.

V.Fərzəliyev müvafiq qaydalara uyğun olaraq institut binasının iş otaqlarının gündəlik olaraq dezinfeksiya edilməsinin, işə çıxan əməkdaşların sosial məsafə saxlama, qoruyucu maska, spirt, antiseptik gel və digər vasitələrdən istifadə etmələrinin vacibliyini bildirdi və texniki şöbə rəhbərliyinə konkret tapşırıqlar verildi.

PAYLAŞ