AMEA Aşqarlar Kimyası İnstitutunda fərqlənən gənclər mükafatlandırıldı

347

04 fevral 2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislərin – doktorant, dissertant və magistrantların iştirakı ilə görüş keçirilib. Tədbirdə çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, dövlətimiz tərəfindən gənclərə böyük diqqət və qayğı göstərilir: “Bu diqqət və qayğının bariz nümunəsini elmlə məşğul olan gənclərin simasında görmək mümkündür. İldə bir dəfə bütün sahələr, o cümlədən elm üzrə seçilmiş gənclərə prezident mükafatı verilir. Gəncləri elmə həvəsləndirmək üçün müxtəlif müsabiqələr keçirilir”.

O, kimyaçı gənc mütəxəssislərin də AMEA-nın elm və ictimai fəaliyyətində xüsusilə fərqləndiyini, son illər istər fundamental nəzəri, istərsə də tətbiqi elmi nailiyyətlərin əldə olunmasında müəyyən rol oynadıqlarını vurğuladı: “İstedadlı gənc alimlərimizin iştirakı ilə beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparılır, əldə edilən elmi nəticələr nüfuzlu jurnallarda dərc olunur. Həmin nəticələr dünyanın aparıcı elm mərkəzləri tərəfindən qəbul olunur, o işlərə elmi istinadlar edilir”.

V.Fərzəliyev gənclərin elmi biliklərə yiyələnmək üçün daha çox çalışmasının, onların təşəbbüskar olmasının zəruriliyini diqqətə çatdırdı.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev gənclər adından çıxış edərək bildirdi ki, istər respublika, istər Akademiya, istərsə də İnstitut rəhbərliyi səviyyəsində həmişə gənc alim və mütəxəssislərə diqqət və qayğı göstərilir. Şura sədri dedi ki, Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislərin elmi səviyyəsinin artırılması, onların elmə həvəsləndirilməsi üçün mühüm işlər görülmüş, müsabiqələr keçirilmişdir.

Onun sözlərinə görə bu görüşün əsas məqsədi də bir daha gənc mütəxəssislərin üzləşdiyi problemləri dinləmək və həll etməkdir.

Tədbirdə çıxış edən AKİ-nin elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, İnstitut Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov və ayrı-ayrı gənclər onları maraqlandıran məsələlər ətrafında fikir və təkliflərini verdilər, onların sualları cavablandırıldı.

Sonra İnstitut direktoru, akademik Vaqif Fərzəliyev elmi və ictimai fəaliyyəti ilə seçilən gənclərə təşəkkürnamə və pul mükafatı təqdim etdi.

PAYLAŞ