AMEA Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar üçün laboratoriya seminarları keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda çalışan gənc tədqiqatçılar, o cümlədən doktorant, dissertant və magistrantların maarifləndirilməsi, onların bu tədqiqat müəssisəsinin elmi fəaliyyət istiqamətinə uyğun olaraq baza biliklərinə sahiblənməsi üçün laboratoriya seminarlarına start verilib. Bu məqsədlə təşkil olunan ilk tədbirdə İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev tərəfindən “Müxtəlif məqsədlər üçün istifadə olunan aktiv üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi sahələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış etdi. O, əvvəlcə təmsil olunduğu İnstitutun əsas elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental və tətbiqyönlü nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verdi. Sonra müştərək beynəlxalq tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk, Orta Doğu Texnik, İstanbul Texnik və Bartin Universitetiləri, eyni zamanda Amerika, Portuqaliya, İtaliya, Rusiya, Belarusun aparıcı elm mərkəzləri ilə həyata keçirilən müştərək elmi tədqiqatlar və əldə olunan mühüm nəticələr və nüfuzlu jurnallarda çap olunan elmi əsərlər haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Sonra müxtəlif suallar ətrafında fikir mübadiləsi aparıldı.