AMEA Aşqarlar Kimyası İnstitutunda kompüter kimyası ilə bağlı elmi seminar keçirilib

1820

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin gənc mütəxəssislərinin ABŞ-nın Buffalo Universiteti Komputer Araşdırmalar Mərkəzi ilə birgə yerinə yetirdikləri müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələrinə həsr olunan seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan AKİ-nin elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə elmi seminarın kimyanın müasir və olduqca aktual məsələsinə – Kompüter hesablamaları ilə üçkomponetli kimyəvi reaksiyaların nəzəri və təcrübi mexanizminin tədqiqinə həsr olunduğunu və aparılan araşdırmalar nəticəsində mühüm uğurlar əldə edildiyini vurğulayıb.

Sonra AKİ-nin “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdir vəzifəsini icra edən, dosent Əfsun Sucayev məruzə ilə çıxış edib. Ə.Sucayev rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən təcrübi olaraq aparılan reaksiyalar, əldə olunan yeni maddələrin fiziki-kimyəvi xarakteristikası və funksional xassələri haqqında məlumat verib.

Alim son illər dünya tədqiqatçıları tərəfindən çoxkomponentli kondensləşmə yolu ilə heterotsikilləşmə reaksiyalarına marağın artdığını bildirib: “Bu üsulla alınan əksər maddələr tibb, kənd təsərrüfatı, neft-kimya sənayesinin müxtəlif sahələrində özünə geniş tətbiq tapıb. Son 4-5 ildə tədqiqat qrupumuz tərəfindən bu istiqamətdə geniş araşdırmalar aparılıb və dünya ədəbiyyatında rast gəlinməyən yeni maddələr alınıb. Maddələri fizioloji fəallığa malik birləşmələr kimi də funksional xassələri tədqiq olunub və mühüm nəticələr əldə edilib.
Ə.Sucayev bildirib ki, çoxkomponentli kondensləşmə reaksiyalarında ən azı 3-4 komponentin bir mərhələdə qarşılıqlı təsiri baş verdiyi üçün bu tip reaksiyaların ehtimal olunan mexanizmi ilə bağlı elmi mübahisələr yaranır. Bunu isə kompüter, kvant kimyəvi hesablamaları ilə həmin kimyəvi reaksiyaların təcrübi-nəzəri mexanizmini tədqiq etməklə həll etmək mümkündür: “Bu zərurətdən çıxış edərək, ABŞ Emori və Buffalo Universiteti Kompüter Araşdırmalar mərkəzlərində kompüter-kimyəvi hesablamalar üzrə Azərbaycandan hələki yeganə ixtisaslaşmış mütəxəssis AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, dosent Yusif Abdullayevlə bu istiqamətdə birgə tədqiqatlar aparmağı məqsəduyğun saydıq və mühüm nəticələr əldə edə bildik”.
Məruzəçi əlavə edib ki, bu reaksiyalarla alınan maddələrin paralel olaraq farmakoloji təsirlərini Türki Atatür Universitetində öyrənilmiş və onların antidiabetik və antixolinergik təsirlərə malik olduğu müəyyənlədirilmişdir. Ə.Sucayev alınan mühüm nəticələrlə bağlı tanınmış “Elsever” nəşriyyatına daxil olan yüksək impakt faktorlu “Pharmocological reports” dərgisində məqalə şəklində çap olunacağını bildirib.

Sonra çıxış edən Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, dosent Yusif Abdullayev təxminən altı ay müddətində bu istiqamətdə təcrübi nəticələrə uyğun olaraq nəzəri araşdırmalar aparıldığını – reaksiyaların mexanizmi, katalizator seçimi, katalitik təsir, alınan maddənin konkret hansı izomer formasında olması ilə bağlı əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırıb.

Y.Abdullayev qeyd edib ki, bu, əsasən kompüter klasterlərinə bir çox proqramların yüklənilməsi və prosessorları paralel işlətməklə normal kompüterlərdə uzun zaman, illərlə, ala biləcək əməliyyatları qəbul olunan dərəcədə qısa zaman kəsiyində həyata keçirməyin mümkünlüyünə əsaslanır. O, əlavə edib ki, bu əməliyyatlarda istifadə edilən proqram “Gaussian” adlanır: “İnternet vasitəsiylə mərkəzin klasterində istifadəçi adları verilir və dünyanın hər hansı bir yerindən tədqiqatçılar öz sahələri ilə bağlı sistemə əmrlər göndərə və əməliyyatların nəticəsini əldə edə bilirlər. Bu klasterlər bir çox əməliyyatlar etmə imkanına malikdir. Məsələn, kimyəvi reaksiyalarda komponentlərin minimum enerjisini hesablamaqla gedişatın mümkünlüyü ilə bağlı fikir yürütmək imkanı yaradır. Bu da proseslərin təcrübi olaraq yoxlanması zərurətini ortadan qaldıraraq, tədqiqatın iqtisadi baxımdan səmərəliliyini artırır. Belə proqramlar vasitəsiylə kimya, fizika, biofizika, farmakologiya və digər sahələrdə kompleks biomolekulların quruluş – funksiya əlaqələrini tədqiq etmək mümkün olur”.

Hər iki məruzə ətrafında sual-cavabla geniş fikir mübadiləsi aparılıb.
Çıxış edənlər – İnstitutun elmi işlər üzrə direktor müavini, professor M.Mövsümzadə, elmi

katib, k.ü.f.d. M.Səfərova, baş elmi işçilər – k.ü.f.d. Ş.Əliyev, k.ü.f.d. O.Nəbiyev tədqiqatın əhəmiyyətini yüksək qiymətləndirərək bu sahədə araşdırmaların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

PAYLAŞ