AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya və alimlərin elmi fəaliyyəti qiymətləndirilib

182

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun  direktoru, akademik Vaqif Fərzəliyev ilk növbədə elmi-ictimai fəallığına görə AMEA Kimya Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunan tex.e.d., professor H.Cavadova və tex.e.d., dosent Elmira Nağıyevaya sertifikatları təqdim etdi.

V.Fərzəliyev bildirdi ki, artıq 3 ildir ki, İnstitutda mövcud olan laboratoriyaların və elmi işçilərin – elmi fəaliyyətinin qiymətləndirilməsi aparılır: “Məqsəd laboratoriya və elmi işçilər arasında sağlam rəqabət yaratmaqla, bütövlükdə İnstitutun fəaliyyətinin əsas elmi istiqamətlərə uyğun olaraq gücləndirilməsidir”.

O qeyd etdi ki, qiymətləndirmə zamanı beynəlxalq standartlar çərçivəsində əsas elmmetrik meyarlar nəzərə alınmışdır: “Bu dəfə 2020-ci il üzrə hər bir elmi işçinin il ərzində dərc olunan elmi əsərlər – monoqrafiya, nüfuzlu xarici jurnallarda və yerli jurnallarda dərc olunan məqalə, konfrans materialı, patent, yüksək ixtisaslı kadr hazırlığı, istinadlar, H-indeks, beynəlxalq, respublika elmi konfranslarında iştirak və sair kimi göstəriciləri hesablanmış, ayrı-ayrılıqda həm laboratoriya, həm də alimlərin reytinq siyahısı tərtib edilmişdir”.

İnstitut direktoru ilk üç yeri tutan alimlərin müvafiq diplom və pul mükafatları ilə təltif ediləcəyini vurğuladı. O bu göstəricilərin laboratoriyaların akreditasiyası, elmi işçilərin isə attestasiyası zamanı nəzərə alınacağını bildirdi.

İnstitutun elmi işlər üzrə direktor müavini k.e.d., dosent Ə.Sucayev, elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri –tex.e.d., professor Həqiqət Cavadova, k.ü.f.d., dosent Elxan İsakov, baş elmi işçi, k.e.d., dosent E.Nağıyeva və digərləri gündəlikdə müzakirə olunan məsələlər haqqında öz fikirlərini bildirdilər və təkliflərini səsləndirdilər.

PAYLAŞ