AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriyaların 2020-ci il üzrə yekun hesabatları dinlənilib

22

Azərbaycan Milli Elmlər Akademiyasının akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında 2020-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabatlar dinlənilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev iclas iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verərək bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq hesabat dövrünün əhəmiyyətli hissəsi xüsusi karantin rejiminə təsadüf edib: “Amma bu məhdudiyyət İnstitutun, o cümlədən elmi işçilərin elmi fəaliyyətinə kəskin təsir etməyib. İnstitutun cari ildə fəaliyyəti nəticəsində 5 mühüm nəticə əldə olunmuşdur ki, onlardan 4-ü fundamental nəzəri, 1-i isə tətbiqi işlə bağlıdır. Bu müddətdə institut əməkdaşlarının 15 məqaləsi impact faktorlu nüfuzlu xarici jurnallarda dərc olunub. Əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri 217 istinad ediblər. Eyni zaman da hesabat dövründə elmi işçilərimiz 19 patent almışlar, bu da son illərin ən yüksək göstəricisidir”.

Sonra İnstitutun 12 laboratoriya, 3 şöbə, 1 Təcrübə Sınaq Stansiyası, 2 ictimai təşkilatın rəhbərləri hesabat məruzələri ilə çıxış etdilər. Laboratoriya müdirləri əsasən sürtkü yağlarına müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların texnologiyalarının işlənib hazırlanması, təkmilləşdirilməsi və istehsalatda tətbiqi istiqamətində hesabat ilində görülən işlər haqqında geniş məlumat veriblər. Bundan başqa, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması, yeni tip çoxfunksiyalı aşqarların sintez texnologiyalarının işlənib hazırlanması və tətbiq üçün tövsiyə olunması istiqamətində yerinə yetrilən işləri, həmçinin laboratoriya əməkdaşlarının il ərzində qazandıqları patent və çap etdirdikləri elmi əsərlər haqqında məlumat verdilər.

Məruzələr ətrafında elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri tex.e.d., prof.H.Cavadova, k.e.d., prof. P.Məmmədova, k.ü.f.d., dosent E.İsakov və digərləri fikir mübadiləsi apardılar.

Akademik V.Fərzəliyev hesabatları məqbul hesab etdi və növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verdi.

Akademik bildirdi ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.

Sonda hesabatların qəbul olunması haqqında qərar verildi.

PAYLAŞ