AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri “İnfeksion xəstəliklərdən qorunma yolları” mövzusunda maarifləndiriliblər

1456

05 fevral 2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda bu müəssisənin Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə “İnfeksion xəstəliklərdən qorunma yolları” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbiri Komitənin sədri, k.ü.f.d., dosent Elxan İsakov açaraq ölkə başçısının tapşırığına əsasən son zamanlar geniş yayılan, xüsusən 23 ölkədə mövcudluğu rəsmi olaraq təsdiq edilən koronavirus və onunla mübarizə üsulları haqqında əhali arasında maarifləndirmə işlərinə başlanıldığını, profilaktik tədbirlərin gücləndirildiyini, Akademiya institutlarının da bu prosesdən kənarda qalmadığını bildirib.

O, qeyd etdi ki, AHİ-nin dəstəyi ilə bu sahədə xüsusi təcrübəyə malik sanitar epidemioloji stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı olan orqanların cəlb edilməsi yolu ilə akademiyanın elmi müəssisə və təşkilatlarında maarifləndirici tədbirlərin həyata keçirilməsinə start verildiyini vurğuladı.

Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqları Rəna Yusifli və Donara Quliyeva koronavirus və ondan qorunma yolları haqqında geniş məlumat verdi. Onlar diqqətə çatdırdılar ki, koronavirusun Çinin Yuhan əyalətində üzə çıxan yeni növü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-nCoV adlandırılıb, zəif immunitet sistemi olan insanlar bu virusa tez yoluxur. Baş ağrısı, hərarət, öskürək, asqıraq, iştahsızlıq və mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən epidemioloq həkimlər belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirib. Epidemoloq virusun -70 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək) mütəmadi aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə koronavirusla bağlı alimlərin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparıldı.

PAYLAŞ