AMEA Aşqarlar Kimyası İnstitutunun doktorantı metal komplekslərinin yeni sintez üsullarını hazırlamışdır

578

AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının əməkdaşları ilə birlikdə geniş tərkibdə iclası keçirilib. İnstitutun sabiq doktorantı Hüseynova Mənsurə Teyfur qızının 2314.01 – “Neft kimyası” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Karboksil və merkapto qrup saxlayan liqandlarla keçid elementlərinin komplekslərinin sintezi və aşqar kimi tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunan toplantıda iddiaçı dissertasiya işinin əsas məzmununu Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

O bildirib ki, apardığı elmi tədqiqatlar zamanı ilk dəfə yeni metal komplekslərinin yeni sintez üsulu işlənib hazırlanmış, bu komplekslərin kristal quruluşu rentgen-struktur analiz metodu vasitəsilə təsdiq edilmiş, Türkiyənin Bartın və Marmara Universitetləri alimləri ilə birgə həmin metal komplekslərinin canlı orqanizmdə karbon anhidraz I və II izoenzimləri, asetilxolinesteraza (AChE), butirilxolinesteraza (BChE) enzimlərinin inhibitoru kimi araşdırılmış və aşkar olunmuşdur ki, bu birləşmə antiepileptik, antidiabetik və antixolinergik xassəyə malikdir və standart dərman maddəsi ilə müqayisədə daha yüksək təsirlidir.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d. Bela Musayeva və k.ü.f.d. Elnarə Həsənovanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda doktorant  Mənsurə Hüseynovanın dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.

PAYLAŞ