AMEA Aşqarlar Kimyası İnstitutunun doktorantının məqaləsi yüksək impakt faktorlu nüfuzlu xarici jurnalda dərc olunub

397

AMEA Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudovun elmi rəhbərləri icraçı direktor kimya elmləri doktoru, dosent Əfsun Sucayev, Bakı Mühəndislik Universitetinin “Kimya mühəndisliyi” kafedrasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayevin türkiyəli həmkarları ilə birgə apardıqları müştərək tədqiqatların nəticələri impakt faktoru 5.165 olan Q1 kateqoriyalı “Web of Science” bazasına daxil olan “Arabian Journal of Chemistry” adlı nüfuzlu xarici jurnalda dərc edilib (https://www.sciencedirect.com/science/article/pii/S1878535221006602?via%3Dihub).

İnstitutdan bildirilib ki, məqalə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə sintez olunan N-benzil-, N-allilanilin, yeni törəmələrinin canlı orqanizmdə asetilxolineseraza (AChE), butirilxolinesteraza (BChE) enzim, Karbon Anhidraz I və II (CA I, II) izoenzimlər üzrə yüksək inhibitor təsirlərindən bəhs edir. Aparılan çoxsaylı analizlər, o cümlədən “Molekulyar doking” tədqiqatları nəticəsində məlum olmuşdur ki, gələcəkdə bu inhibitorların ayrı-ayrı funksional qrupa malik nümayəndələri epilepsiya, şəkərli diabet, onikibarmaq bağırsaq və mədə xoraları, qlaukoma, Alzeymer və nevroloji xəstəliklərə qarşı potensial dərman maddələri kimi istifadə oluna bilər.

Məlumat üçün bildirək ki, doktorant İbadulla Mahmudov 2021-ci ilin oktyabr ayından kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən biri olan Portuqaliyanın Lissabon Universitetində üç aylıq təcrübəkeçməyə göndərilib. O hazırda tədqiqatlarını orada davam etdirir.

PAYLAŞ