AMEA Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktorluğu hazırlığı üzrə təhsil alan doktorant və dissertantlarla distant formada görüş keçirilib

24

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə təhsil alan doktorant və dissertantlarla onlayn görüş keçirilib. Məqsəd COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin dövründə İnstitutda distant formada tədrisi, həmçinin elmi tədqiqat işlərinin hazırki vəziyyətini, mövcud çətinliklər və qarşıda həlli nəzərdə tutulan məsələləri, gələcək  perspektivləri müzakirə etmək olub.

İclasda çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev öncə “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın əsas prioritet hədəflərinə uyğun olaraq İnstitutda həyata keçiriləcək tədbirlərin idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, elmi kadrların hazırlanması, elmi fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi il bağlı olacağını söylədi. O, hər bir elmi-tədqiqat müəssisəsində olduğu kimi AKİ-də də kadr hazırlığının mühüm əhəmiyyət kəsb etdiyini, bundan ötrü İnstitut rəhbərliyi tərəfindən mühüm işlərin görüldüyünü vurğuladı. Onun sözlərinə görə, gənc alim və mütəxəssislərin elmə həvəsləndirilməsi üçün adlı mükafat təsis olunub, doktorant, dissertant və magistrlər arasında müxtəlif müsabiqələr keçirilir. Ə.Sucayev doktorant və dissertantların dissertasiya işlərini vaxtında müdafiə etmələri üçün elmi-təcrübi tədqiqatlara daha çox vaxt ayırmalarının zəruruliyini bildirdi. O dedi ki, dünya elminə inteqrasiya etmələri üçün hər bir doktorant və dissertant beynəlxalq elmi axtarış saytlarında çalışmağa, elmmetrik səhifə və profillərin yaradılmasına, tədqiqat zamanı aldıqları mühüm elmi nəticələrin nüfuzlu jurnallarda dərc edilməsinə önəm verməlidirlər.

Ə.Sucayev institutda bundan sonra keçiriləcək seminarların formatında müəyyən dəyişikliklərin ediləcəyini doktorant və dissertantlar üçün müasir elmi çağrışlara cavab verən aktual mövzularda interaktiv müzakirələrin təşkil ediləcəyini vurğuladı.

İnstitut rəsmisi doktorant və dissertantlarla belə görüşlərin mütəmadi keçiriləcəyini və onların üzləşdikləri hər bir problemin həllinə nail olunacağını diqqətə çatdırdı.

PAYLAŞ