AMEA Aşqarlar Kimyası İnstitutunun gənc xanım kimyaçısı Shell firmasının yağlarından geri qalmayan yeni motor yağları hazırlayıb

86

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun“Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasın gənc mütəxəssisi Xədicə Məmmədyarova müxtəlif təyinatlı müasir motor yağları üçün yeni aşqarlar yaradıb. Bu haqda məlumat verən gənc mütəxəssisin sözlərinə görə, Azərbaycanda istehsal olunan yağların əsas komponenti ИХП-101 aşqarıdır: “Bu aşqar barium duzu olduğuna görə yüksək kül, aşağı qələvi ədədli və korroziyadan mühafizə effekti zəif aşqardır. Ona görə onun istifadəsi ilə müasir motor yağı yaratmaq mümkün deyil. Bundan başqa Azərbaycan baza yağlarının özlüyü aşağı olduğuna görə texnika elmləri doktoru, dosent Elmira Nağıyevanın rəhbərliyi altında motor yağlarının özlüyünü qaldırmaq üçün metakrilat tipli sənaye aşqarları –Viscoplex 2-670 və ПМА«Д», donma temperaturunu aşağı salmaq üçün Viscoplex 5-309 istifadə edilmişdir. Orta və yüksək qələvili yeni AKİ-31, AKİ-57, AKİ-144d, AKİ-146d, AKİ-154d, AKİ-156d və s. aşqarları və ДФ-11, Днепрол, С-5А, С-150, С-400, ИХП-114, АСК, Viscoplex 2-670, Viscoplex 5-309 sənaye aşqarlarından istifadə etməklə M-8B, M12ВБ, М-10Г2,М-14Г2 motor yağları və M-8B motor yağının yeni kompozsiyaları yaradılmışdır”.

Gənc alim apardığı tədqiqat işinin aktuallığını belə izah edir ki, motor istehsalı inkişaf etdikcə detalların korroziyasının qarşısının alınması, əsasən geniş temperatur intervalında mühərriklərin normal işə düşməsi və işləməsini təmin etmək və s. kimi problemlər yaranır: “Bu problemlər motor yağlarının xassələrinə – korroziyaya, oksidləşməyə qarşı, termiki stabilliyə, yuyuculuq xassələrinə yeni tələblər qoyur. Müasir və perspektivli motor yağlarına qoyulan tələbatları yeni növ keyfiyyətli, müxtəlif funksional xassəli aşqarların hazırlanması ilə təmin etmək mümkündür”.

X.Məmmədyarova qeyd edir ki, dünyada alkilfenolyat əsaslı aşqarlara daha çox üstünlük verilir. “Bu onların sadə alınma texnologiyası, xammalın asan əldə edilməsi və çoxfunksiyalı xassələri ilə bağlıdır. Alkilfenolyat aşqarlarının tərkibinə müxtəlif heteroatomlar və funksional qruplar əlavə etməklə onların funksional xassələrinin yüksəlməsinə nail olunmuşdur”, deyə o vurğuladı.

Gənc xanım kimyaçı yeni üsulla AKİ-31 və AKİ-172 aşqarları alınmış və patent ilə təsdiq edilmişdir. Sadə üsulla alkilsalisilat tipli tərkibində karboksilat qrupu saxlayan yeni orta və yüksək qələvili və s. alkilfenolyat aşqarları alınmışdır: “Sintez edilmiş aşqarlar və əmtəə aşqarlarından istifadə etməklə müasir tələblərə cavab verən və analoqları olan xarici Shell firmasının yağlarından geri qalmayan yeni motor yağları tərəfimizdən işlənilmişdir. Onu da qeyd edim ki, elmi işin bir hissəsi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə yerinə yetirilmişdir”.

Məlumat üçün bildirək ki, apardığı tədqiqatların əhəmiyyəti və yeniliyinin 2 patentlə təsdiq olunan X.Məmmədyarov Yunanıstan, Belarusda keçirilən beynəlxalq elmi konfranslarda məruzə etməklə ölkəmizi layiqincə təmsil edib. O, elmi layihə, məruzə, məqalə müsabiqələrinin qalibi olub, “Gənclər üçün akademik Əli Quliyev mükafatı”na layiq görülmüşdür.

SHARE