AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Bartin Universitetinin “Bilim söhbətləri”nin qonaq məruzəçisi olub

383

Bu gün Bartin Universitetinin Fen fakültəsində təşkil olunan “Bilim söhbetleri”nin növbəti seminarı keçirilib.  Seminarın moderatoru Fen fakültəsinin dekan yardımçısı Rizvan İmamoğlu “Bilim söhbetleri”nin bu dəfəki buraxılışına qonaq kimi dəvət olunan Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmlər doktoru, dosent Əfsun Sucayevin məruzəsinin daxil edildiyini bildirdi. Zoom platforması üzərindən təşkil olunan seminarda açılış nitqi edən Fen fakültəsinin dekanı Dr., Prof. Bülent Karakaş təmsil olunduğu Universitetin müvafiq bölümlərinin AMEA Aşqarlar Kimyası İnstitutu ilə elmi əməkdaşlığın hazırki səviyyəsindən və gələcək perspektiv planlarından danışdı.

Sonra  Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmlər doktoru, dosent Əfsun Sucayev “Müxtəlif məqsədlər üçün istifadə olunan aktiv üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi yollarının müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış etdi. O, əvvəlcə təmsil olunduğu İnstitutun əsas elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental və tətbiqyönlü nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verdi. Sonra müştərək beynəlxalq tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk, Orta Doğu Texnik, İstanbul Texnik və Bartin Universitetiləri, eyni zamanda Amerika, Portuqaliya, İtaliya, Rusiya, Belarusun aparıcı elm mərkəzləri ilə həyata keçirilən müştərək elmi tədqiqatlar və əldə olunan mühüm nəticələr və nüfuzlu jurnallarda çap olunan elmi əsərlər haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Ə.Sucayev növbəti mərhələdə Türkiyə elm mərkəzləri, o cümlədən Bartin Universiteti ilə əməkdaşlığın yeni mərhələdə genişləndirilməsi istiqamətində atılacaq addımlardan danışdı. O, qeyd etdi ki, bu yaxınlarda AR Prezidenti yanında Elmin İnkişaf Fondunun “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” qrant layihəsi çərçivəsində Bartin Universitetində elm ezamiyətdə olacağını və tərəflər arasında iş birliyi memorandumunun imzalanacağını vurğuladı.

Məruzəçi seminar iştirakçıların suallarını cavablandırdı, fikir mübadiləsi aparıldı.

 

PAYLAŞ