AMEA YT Parkda istehsal olunan xüsusi təyinatlı sürtkü yağlarının perspektivinə dair müzakirələr aparılıb

1098

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) bu müəssisənin Ekspertlər Şurasının katibi və Müşahidə Şurasının üzvü, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.

Görüşdə YT Parkın direktoru Vasif Abbasov, direktor müavini Zahir Nəsibov və qurumun rezidenti olan Təcrübə-Sənaye Zavodunun direktor müavini Səxavət Rüstəmov iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd xüsusi təyinatlı sürtkü materiallarının hazırlanmasının mövcud vəziyyəti, istehsalının təşkili və perspektivlərinin müzakirəsi olub.

Akademik V.Fərzəliyev Aşqarlar Kimyası İnstitutunda müasir tələblərə və standartlara cavab verən müxtəlif təyinatlı (motor, transmissiya, hidravlik və s.) sürtkü yağlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərindən danışıb, yaradılmış sürtkü materiallarının istehsalının Təcrübə-Sənaye Zavodunda həyata keçirildiyini vurğulayıb. Strateji materiallar sırasına daxil olan xüsusi təyinatlı sürtkü materiallarının hazırda müharibə şəraitindəki ölkəmiz üçün əhəmiyyətindən bəhs edən V.Fərzəliyev bu materialların respublikada istehsalının təşkilinin ən aktual problemlərdən olduğunu deyib.

Sonra YT Parkın direktoru V.Abbasov çıxış edərək rəhbərlik etdiyi qurumun rezidenti olan Təcrübə-Sənaye Zavodunun müasir standartlara uyğun texnoloji qurğulara malik olduğunu və istehsal edilən sürtkü materiallarının respublikanın bir sıra təşkilatları tərəfindən istifadə olunduğunu diqqətə çatdırıb.

Direktorun sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişinə əsasən, Aşqarlar Kimyası İnstitutunun resepti əsasında hazırlanmış və zavod tərəfindən istehsal olunan xüsusi təyinatlı sürtkü yağları Tərtər və Füzuli bölgələrində yerləşən hərbi hissələrə göndərilib. V.Abbasov qeyd edib ki, zərurət yaranarsa YT Park tərəfindən bu məhsulların növbəti dəfə cəbhə bölgəsinə göndərilməsi təşkil olunacaq.

Tədbirdə, həmçinin müdafiə sənayesində istifadə olunan xüsusi təyinatlı sürtkü yağlarının digər ölkələrə ixracının təşkili istiqamətində fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib.

PAYLAŞ