Aşqarlar Kimyası İnstitutu alimlərinin müştərək tədqiqatlarının nəticələri nüfuzlu xarici jurnalda dərc olunub

220

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) alimlərinin İrkutsk Kimya İnstitutundan olan həmkarları ilə apardıqları müştərək tədqiqat zamanı mühüm elmi nəticələr əldə olunub. Bu haqda məlumat verən AKİ-nin icraçı direktoru k.e.d. Əfsun Sucayevin sözlərinə görə, İrkutsk Kimya İnstitutunda akademik Boris Trofimovun rəhbərlik etdiyi tədqiqat qurupunun sintez etdiyi 13 yeni maddənin Aşqarlar Kimyası İnstitutunda antioksidant aşqar kimi xassələri öyrənilib və yanacaqlara qarşı yüksək antioksidant olduğu təsdiqlənib.

Ə.Sucayev qeyd edib ki, əldə olunan elmi nəticə müştərək məqaələ kimi “İran Kimya və Kimya Mühəndisliyi” (Iranian Journal of Chemistry and Chemical Engineering) adlı impakt faktorlu, nüfuzlu xarici jurnalda dərc edilib (Vagif Farzaliyev, Irada Rzayeva, Afsun Sujayev, Lyubov N Sobenina, Elena Schmidt, Nina Gusarova, Svetlana Malysheva, Ol’ga Petrova, Boris Trofimov, Inhibited oxidation of hydrocarbons in the presence of nitrogen-, phosporus-, selenium- and sulfur-containing heterocyclic compounds, Iranian Journal of Chemistry and Chemical Engineering, 2022, https://ijcce.ac.ir/article_697583.html).

Hazırda müştərək tədqiqatlar davam etdirilir.

Xatırladaq ki, dünyada tanınan “Iranian Journal of Chemistry and Chemical Engineering” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir. İmpakt faktoru 1.987-dir.

 

PAYLAŞ