Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

202

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan tədbir keçirilib.

Tarixi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev qeyd edib ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətdir: “Zaman keçdikcə, onun böyüklüyünü daha çox hiss edirik. O, bütün həyatını şüurlu surətdə xalqımıza həsr etdi və bütövlükdə ölkəmizi bəlalardan xilas etdi”.

V.Fərzəliyev vurğulayıb ki, ikinci dəfə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Ümummilli lider ölkəmizin parçalanmasının qarşısını aldı: “Ölkə faktiki pərakəndə vəziyyətdə idi. Ordu yox, iqtisadiyyat dağılmış, ərazilərin böyük hissəsi işğal olunmuşdu. Amma H.Əliyevin sabaha inamı itməmişdir. Tez-tez televiziyada onun çıxışlarından parçalar verilir. Görün, necə ümidlə deyir ki, vaxt gələcək bütün işğal olunmuş torpaqlar azad olunacaq, iqtisadiyyat dirçələcək, güclü ordumuz olacaq və Azərbaycan dünyaya tanınacaq. Sözün əsl mənasında onun layiqli davamçısı böyük şəxsiyyətin arzularını yerinə yetirdi, Azərbaycan dünyaya günəş kimi parladı”.

Sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev çıxışında qeyd etdi ki, müstəqil Aszərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir: “Onun qəlbi həmişə Azərbaycanla döyünüb. Onun apardığı uzaqgörən siyasət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkəni qurtuluşdan tərəqqiyə apardı, layiqli davamçısı cənab prezident İlham Əliyev isə ölkəmizi tərəqqidən Böyük Zəfərə daşıdı”.

İnstitutun aparıcı elmi işçisi k.ü.f.d. Nüsrət Əliyev Sovet dövründə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi kimi Aşqarlar Kimyası İnstitutuna baş çəkməsi ilə bağlı xatirəsini danışdı. Onun sözlərinə görə, o zaman Elmlər Akademiyasına prezident seçilməsi üçün namizəd göstərilmiş elmi tədqiqat institutlarının rəhbərləri ilə elə həmin elmi müəssisələrin özündə görüşürdü: “Elmlər Akademiyasına prezident təyin edilməsi üçün namizədliyi irəli sürülən alimlərdən biri də akademik Əli Quliyev idi. Ona görə, o bizim Aşqarlar Kimyası İnstitutuna gəlmişdi. Şəxsən mənim çalışdığım laboratoriyada oldu və gənc elmi işçilərlə söhbət etdi. O, qədər sadə insan idi ki, hətta dəhlizdə xadiməyə əl uzadıb görüşmüş, hal-əhval tutmuşdu”.

Tədbirdə İnstitut Gənc Alim və Mütəxəssislər şurasının sədri Günay İsmayılova təqdimatla çıxış edib.

PAYLAŞ