Aşqarlar Kimyası İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə tədqiqatlar aparır

1266

AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramında nəzərdə tutulan prioritet istiqamətlərə uyğun olaraq akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalardan istifadənin təmin edilməsi istiqamətində elmi tədqiqatlar davam etdirilir.

ABŞ-ın Buffalo Universiteti Kompüter Araşdırmalar Mərkəzinin aparıcı mütəxəssisləri ilə birgə aparılan beynəlxalq müştərək tədqiqatlarda müasir kompüter proqram təminatlarının imkanlarından istifadə olunur. Kvant kimyəvi hesablamaları ilə ayrı-ayrı zərif üzvi sintez reaksiyalarının nəzəri və təcrübi mexanizmi ətraflı tədqiq edilir. Bu reaksiyalar üçün funksional sıxlıq nəzəri hesablamaları ilə nəzəri proqnozlar təcrübi olaraq test edilir. Kvant kimyəvi hesablamalarla həmin kimyəvi reaksiyaların simulyasiyası baxımından əhatəli nəzəri-təcrübi araşdırmalar aparılır.

Qeyd olunub ki, tədqiqat istiqaməti dünya elmində geniş aktuallıq kəsb etdiyi üçün institutda bu sahə üzrə yüksəkixtisaslı kadr hazırlığına da böyük önəm verilir. Hazırda həm elmlər, həm də fəlsəfə doktorluğu hazırlığı üzrə təhsil alan doktorant və dissertantların dissertasiya mövzuları da kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalarından istifadənin təmin edilməsi ilə birbaşa əlaqədardır.

Eyni zamanda, institut SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi çərçivəsində AMEA-nın Neft Kimya Prosesləri İnstitutu ilə “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksəkkeyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” mövzusunda birgə layihə həyata keçirir. Layihə çərçivəsində indiyə qədər aparılan tədqiqatlarla bağlı bir sıra mühüm nəticələr əldə olunub və həmin elmi nəticələr üzrə 2 məqalə nüfuzlu xarici jurnalda dərc edilib, 1 məqalə isə çapa göndərilib.

PAYLAŞ