Azərbaycan-Gürcüstan: elmi əməkdaşlığın ən uğurlu nəticəsi

165

Akademik Vaqif Fərzəliyevin Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi həm də Azərbaycan elminin böyüklüyünə verilən qiymətdir

Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr inkişafın yeni mərhələsində yüksələn xətlə və böyük uğurlar əldə olunmaqla davam etməkdədir. Bu əlaqələr yaxın qonşu münasibətlərdən artıq strateji müttəfiqlik, etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bütün bunlar təsadüfi deyil. Çünki hər şeydən öncə bu iki ölkəni bir-birinə yaxın-doğma, dost-qardaş edən qarşılıqlı əməkdaşlıq əlaqələri çox qədim tarixə malikdir.

Bildiyimiz kimi azərbaycanlıların ən çox kompakt yaşadığı yer Gürcüstandadır. Bu və digər səbəblərdən bu iki dost, qonşu ölkənin bir sıra ortaq dəyərləri var. Milli mətbəximizdə, mədəniyyətimizdə və incəsənətimizdə çoxlu oxşarlıqlar mövcuddur.

Yaxın və uzaq tariximizə qısa ekskursiya etsək görərik ki, Zaqafqaziya Seymi dağıldıqdan sonra 1918-ci ildə Azərbaycan Cümhuriyyəti ilk müstəqilliyini Gürcüstanın paytaxtı olan Tbilisi şəhərində elan edibdir. Çünki o zamanlar Bakı və bütövlükdə Azərbaycan təpədən dırnağa qədər silahlanmış erməni-rus birləşmələri tərəfindən işğal edilmişdir. Ona görə İstiqlal Bəyannaməmizi qəbul etmək üçün, belə demək mümkündürsə, bizə gürcü qardaşlarımız yer vermiş, isti qucaq açmışdır.

Yada salmaqda fayda vardır ki, xalqlarımız arasında elm-təhsil əlaqələrinin kökləri 1876-cı ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının fəaliyyəti dövrünə təsadüf edir. Hansı ki Qafqaz xalqlarının – gürcülərin, ermənilərin, dağıstanlıların və tatarların (o vaxt azərbaycanlıları belə adlandırırdılar) ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə yaradılan bu məktəbin millətimizin dünya elm, mədəniyyətinə bəxş edilmiş görkəmli şəxsiyyətlərinin elm-savad qazanmasında böyük rolu olub. Ümumiyyətlə, ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşımasına baxmayaraq, Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib desək, heç də yanılmarıq. Çünki Qori Seminariyasını bitirən nəsil Azərbaycan musiqisinin, mədəniyyətinin, elminin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadı, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdi.

Ötən əsrin 90-cı illərində müstəqilliyimizi ikinci dəfə elan etdikdə qarşılıqlı diplomatik münasibətlər qurulan ilk ölkələrdən biri də Gürcüstan oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilən iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən elm-təhsil sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulub inkişaf etdirilməkdədir.

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməsi sevindiricidir.

Beynəlxalq aləmdə etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik, ksenofobiya genişlənməkdə, az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşıb. Dünya, o cümlədən gürcülər bu modeli öyrənməkdədir.

Təbii ki, ölkələrimiz arasında iqtisadi, mədəni, elmi əlaqələr sovet dövründə də bu və ya digər formada olubdur. Ancaq hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəviyə qədəm qoydu.

Akademik elmi əlaqələr hər iki dövlətin elmi siyasətini həyata keçirən elm məbədləri adlandırdığımız Azərbaycan və Gürcüstan Elmlər Akademiyaları (sonradan bu səlahiyyət Gürcüstan Elm və Təhsil Nazirliyinə verildi) yarandığı vaxtdan mövcuddur. Birgə əməkdaşlıq hər iki ölkənin ayrı-ayrı tədqiqat institutları vasitəsi ilə təməl elmlər, kimya, mühəndislik, tibb, əkinçilik, heyvandarlıq və sair sahələrində yüksək ixtisaslı kadr hazırlığı, qarşılıqlı təcrübə mübadiləsi, birgə qrant layihələri, konfrans, elmi simpoziumların keçirilməsini və sair əhatə etmişdir.

Birmənalı qeyd etmək olar ki, AMEA-nın Gürcüstanın müvafiq elmi qurumlarla sıx əməkdaşlıq etdiyi tədqiqat institutlarından biri də akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutudur.

Bu elmi müəssisənin alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri olan yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən “Depressator AKİ” aşqarıdır ki, hazırda hər il min tonlarla istehsal edilib Bakı-Tbilisi-Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir və əldə olunan gəlirlər dolayısı yolla Azərbaycan, qardaş Türkiyədən başqa dost və qonşu Gürcüstanın da iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhvə vermiş olur.

Bundan başqa Gürcüstan Milli Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu və Cənubi Qafqazda aparıcı təhsil və elm mərkəzlərindən biri olan İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetin Üzvi kimya kafedrası ilə sıx əlaqələr yaradılmışdır. Bu elmi qurumlarla həyata keçirilən müştərək tədqiqatlar müxtəlif funksional xassələrə malik yeni üzvi birləşmələrin sintezi və tədqiqinə aiddir.

Bu əməkdaşlığın məntiqi nəticəsi idi ki, 2018-ci ilin 6-10 fevral tarixlərində İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubiley mərasiminə dəvət olunan Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev ölkəmizi həmin mötəbər tədbirdə yüksək səviyyədə təmsil etmiş, Gürcüstanın o vaxtkı prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlament sədri David Usupaşvili, Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşmüş, xüsusən, TDU-nun rektoru, professor Georgi Şarvaşidze ilə elmi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektiv planlarını müzakirə etmişdir. Tədbirdə akademik Vaqif Fərzəliyev AMEA və Azərbaycanın elmi ictimaiyyəti adından TDU-nun kollektivini təbrik edib, xatirə kitabına xoş sözlər yazmış, hədiyyələr təqdim etmişdir.

Tədbirdən bir müddət sonra akademik Vaqif Fərzəliyevə universitet ictimaiyyəti adından təşəkkür məktubu ünvanlayan TDU-nun rektoru Georgi Şarvaşidze akademik V.Fərzəliyevin tədbirdə iştirakını qarşılıqlı əməkdaşlığın inkişafı, qarşılıqlı maraqların təmin olunması və gələcək üçün zəruri perspektiv kimi qiymətləndirmiş, təqdim olunmuş hədiyyənin isə TDU Muzeyində  universitetin 100 illiyi şərəfinə düzülmüş digər hədiyyələrlə yanaşı xüsusi yer tutduğunu söyləmişdi. Konkret olaraq V.Fərzəliyevin TDU-nun beynəlmiləlləşdirilməsinə verdiyi töhfənin  universitet ictimaiyyəti üçün faydalı olan birgə layihələr və çoxsaylı fəaliyyətlər gətirəcəyi  daha sıx əməkdaşlıqda  davam və inkişaf etdirəcəyini vurğulamışdı.

Həmçinin, AMEA Aşqarlar Kimyası İnstitutunun Gürcüstan Dövlət Texniki Universitetin Avtomobil, Nəqliyyatı və Logistika üzrə Akademik Departamentin direktoru, Gürcüstan və Beynəlxalq Mühəndislik Akademiyalarının akademiki, professor Cumber İosebidze şəxsində bu elm-təhsil müəssisəsi ilə avtomobil nəqliyyatında istifadə olunan müxtəlif təyinatlı sürtkü yağlarının yaradılması, tədqiqi və tətbiqi istiqamətində müştərək beynəlxalq tədqiqatları mövcuddur. Aşqarlar Kimyası İnstitutu yuxarıda adıçəkilən Departament üçün paralel olaraq bir sıra yüksək ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edib.

Məhz Gürcüstan tərəfi akademik Vaqif Fərzəliyevi iki ölkənin elmi əlaqələrinin inkişafına böyük xidmətlərini nəzərə alınaraq 14 aprel 2022-ci il tarixində keçirilən Gürcüstan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında bu qurumun həqiqi (xarici) üzvü seçib. Bu xoş xəbəri Gürcüstan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik-katibi akademik Vladimir Sisiaşvili verib.

Məlumat üçün qeyd etmək yerinə düşər ki, sözün əsl mənasında Aşqarlar Kimyası İnstitutunun dost, qonşu Gürcüstanın yuxarıda adları sadalanan elm-təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin qurulması istiqamətində fəaliyyəti bilavasitə akademik V.Fərzəliyevin adı, nüfuzu ilə bağlıdır. O dəfələrlə bu ölkədə təşkil olunan elmi konfrans, simpoziumlarda plenar məruzələrlə çıxış etmiş, Gürcüstandan olan müvafiq elmi dərəcə iddiaçıların Aşqarlar Kimyası İnstitutunun nəzdində fəaliyyət göstərmiş Dissertasiya Şurasında müdafiələrini təşkil etmiş, Gürcüstanda fəaliyyət göstərən Dissertasiya Şuralarında onlara oponentlik etmiş, onların dissertasiya işlərinə və avtoreferatlarına rəy vermişdir. Ona görə də bu xidmətlərin qarşılığında akademik Vaqif Fərzəliyevin şəxsiyyətinə və elminə edilən böyük etimadı həm Azərbaycan elminin, elm adamlarının böyüklüyünə verilən qiymət, həm də Azərbaycan-Gürcüstan elmi əməkdaşlığının ən uğurlu nəticəsi kimi xarakterizə etmək olar.

AMEA-nın prezidentinin vəzifəsini icra edən,
akademik Arif Həşimov

 

 

PAYLAŞ