Bakı məktəbliləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər

193

Bakı şəhəri Ə.Ələskərov adına 244 saylı tam orta məktəbin 18 nəfərdən ibarət bir qrup şagirdləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.

Məktəblilərlə görüşən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır: “Hər il keçirilən “Sabahın alimləri” adlı məktəblilərin elmi müsabiqəsindən görürük ki, orta məktəblərdə xüsusi istedadlı şagirdlər var. Onları aşağı yaş qruplarından aşkara çıxarıb, elmə yönləndirə bilən müəyyən addımların atılmasına ehtiyac var. Belə addımlardan biri də məhz, məktəblilər üçün elmi-tədqiqat institutlarında “Açıq qapı” günləri, onların ekskursiyasının təşkil olunmasındır. Paralel şəkildə məktəblərin özlərində müxtəlif elmi müsabiqələr, fənn gecələri, elm günləri və sair kimi həvəsləndirmə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur”.

O qeyd edib ki, təmsil etdiyi İnstitut bu kimi tədbirlərə böyük önəm verir: “İnstitut laboratoriyaları həm tələbə, həm də məktəblilərin üzünə açıq elan edilib, onların fiziki-kimyəvi cihazlarla əyani tanışlığı təmin olunur. Eyni zaman da istər paytaxt, istərsə də regionlardakı ayrı-ayrı məktəblərin istedadlı şagirdlərinin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi üçün onlara elmi dəstək verilmiş, respublika və beynəlxalq elmi müsabiqələrdə iştirak edən məktəblilərimizin layihələri qalib olmuş, ölkəmizi layiqincə təmsil etmişlər”.

Ə.Sucayev İnstitutun yaranması tarixi, fəaliyyət istiqamətləri, nailiyyətləri, eləcə də bu elmi müəssisədə çalışmış Azərbaycanın görkəmli kimyaçıları – akademik Əli Quliyev və kimyaçı ilk qadın akademik və aktrisa İzzət Orucova haqqında şagirdlərə məlumat verib.

Məktəbin kimya müəllimi kimya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva məktəblilərin laboratoriyalarla əyani tanışlığı üçün şərait yaradıldığına görə İnstitut rəhbərliyinə təşəkkür edib.

Sonra məktəblilər ayrı-ayrı laboratoriyalara baş çəkərək orada aparılan maraqlı tədqiqatlarla, fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, gənc alim və mütəxəssislərdən Lalə Əliyeva, Mir Əli İsakov və Sevinc Talıbova şagirdlərin çoxsaylı suallarını cavablandırmış, onlar üçün bəzi əyləncəli təcrübələri nümayiş etdiriblər.

 

PAYLAŞ