Beynəlxalq əlaqələr

Beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi sahəsində mütamadi tədbirlər həyata keçirilir.

İnstitutun Rusiya Federasiyası Elmlər Akademiyasının Kimyəvi Fizika Institutu, Ukrayna Elmi-Texnoloji Mərkəzi, Belarus Milli Elmlər Akademiyasının Yeni Materiallar Kimyası İnstitutu, Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu, Türkiyənin Orta Doğu Texniki Universiteti (Ankara şəh.), İstanbul Texnik Universiteti (İstanbul şəh.), Atatürk Universiteti (Ərzurum şəh.), Hacettepe Universiteti (Ankara), Egey Universiteti (İzmir şəh.), Almaniyanın Giessen Universiteti, Almaniyanın Schulke&Mayr GmbH, Special Additives International Şirkəti ilə beynəlxalq elmi əlaqələri mövcuddur.

2014–2016-cı illərdə İnstitutda Ukrayna Elmi-Texnoloji Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə Məqsədli Təşəbbüslər Proqramı çərçivəsində “Bakı Buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi” mövzusunda Qrant layihəsi üzrə tədqiqatlar aparılıb.

Rusiya Federasiyasinin Ufa Dövlət Neft Texniki Universiteti ilə biosidlər sahəsində, Rusiya Federasiyası Elmlər Akademiyasının Kimyəvi Fizika Institutu ilə antioksidantlar sahəsində birgə elmi tədgigatlar aparılır.

2014-cü ilin oktyabr ayında Almaniyanın Schulke & Mayr GmbH, Special Additives International Şirkəti ilə bioloji-aktiv maddələrin yaradılması sahəsində birgə elmi-tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Haqda Memorandum imzalanmışdır. Memaranduma əsasən 2 il müddətində biosid aşqarlar sahəsində aparılan birgə tədqiqatlar nəticəsində biosid kompozisiyalar işlənib hazırlanmış və onların tətbiqi üzrə işlər aparılır.

Həmin ildə AKİ ilə Almaniyanın Aaxen Texniki Universiteti arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanmışdır. Bu Memorandum əsasında Azərbaycan neftlərinin biomarkerlərinin öyrənilməsi üzrə tədqiqatlar aparılır.

Almaniyanın Gessen Universiteti ilə davamlı üzvi çirklənmələrin (DÜÇ) Azərbaycanın çay sularına təsiri mövzusunda birgə tədqiqatlar aparılır.

İnstitut beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin 4 universiteti ilə elmi əməkdaşlıq etməkdədir. 2015-ci ildə Orta Doğu Universitetinin Kimya bölümü ilə ortaq elmi layihələrin gerçəkləşdirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanmışdır.

AMEA RH-nin 05 sentyabr 2014-cü il 195 saylı sərəncamına əsasən institutun elmlər doktoru hazırlığından 1 doktorantı elmi-tədqiqat işinə dair ixtisasartırma təhsilini almaq məqsədilə Almaniyanın Giessen Universitetinə göndərilib.

İnstitutun elmlər doktoru hazırlığından 2 doktorantı 2014-cü ilin iyun ayında Türkiyə Orta Doğu Texnik və Hacettepe, 2015-ci ilin iyul ayında İstanbul Texnik və Ərzurum şəhərində yerləşən Atatürk Universitetində, fəlsəfə doktoru hazırlığından bir doktorantı 2016-cı ildə Türkiyənin Orta Doğu Texnik Universitetində ixtisasartırma təcrübəsi keçmək məqsədilə elmi ezamiyyətdə olublar.

İnstitutun gənc alimləri Türkiyənin Atatürk Universiteti və İtaliyanın Firenze di Studi Degli Universitetinin əczaçılıq bölməsinin alimləri ilə birgə tədqiqatlar aparırlar.

Tədqiqatın sintez bölümü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində Aşqarlar Kimyası İnstitutunda yerinə yetirilir. Belə ki, son üç ildə tsiklik tiokarbamid, pirimidintion, sulfamid və karboksilat əsaslı 100-ə qədər yeni maddə sintez olunub, dörd mərhələdə Atatürk Universitetinə göndərilib.

Tədqiqatlara Aşqarlar Kimyası İnstitutunun gənc alimlərinin Türkiyə Atatürk Universitetində qısamüddətli təcrübə zamanı əldə olunan razılıq əsasında başlanılıb. Nəticələr 20-dək  məqalə şəklində dünyanın yüksək impact faktorlu aparıcı jurnallarında çap olunub.

2015 və 2016-cı ilin may aylarında ardıcıl olaraq gənc tədqiqatçımız Kamran Hacıyev və doktorant Səbiyə Osmanova (2016), mühəndis Hüseynəli Əlili və böyük laborant Günay Əlişanbəyli (2017) Almaniyanın Justus Liebig Giessen Universitetində “Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları” mövzusunda təşkil olunmuş yay məktəbinə (“DAAD Summer Scool-2016”) qatılıblar. Almaniya Mübadilə Proqramı çərçivəsində maliyyələşdirilən kursda iştirakçılara mövzuya uyğun tədqiqatlarla məşğul olan elm mərkəzlərinin aparıcı professorları mühazirə oxumuşlar. Eyni zamanda nəzəri biliklərin praktikada tətbiqi üçün kurs iştirakçıları ayrı-ayrı institutlarda təcrübə keçiblər. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Həmçinin 13-15 aprel 2016-cı il tarixlərində Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyi üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatı keçirilib. Gənc layihə müəllifləri içərisində AMEA-nı Aşqarlar Kimyası İnstitutunun gənc doktorantı Xədicə Məmmədyarova təmsil edib. Onun təqdim etdiyi layihə diploma layiq görülüb.

27 iyun – 01 iyul 2016-cı il tarixində isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən üzvi kimya üzrə “OргХим-2016” adlı konfransda İnstitutun doktorantı, gənc tədqiqatçı Osmanova Səbiyə Fərhad qızı iştirak etmiş və məruzə ilə çıxış etmişdir.

18-21 iyul 2016-cı il tarixlərdə institutun doktorantı Xədicə Məmmədyarova Yunanıstanın Afina şəhərində Afina Təhsil və Elmi-Tədqiqat İnstitutunda keçirilmiş “IV illik Beynəlxalq kimya konfransı”nd iştirak etmiş və məruzə ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş layihəsi (EİF/GAM-3-2014-6(21)-24/08/4-M-17) çərçivəsində gənc mütəxəsisimiz Mənsurə Hüseynova Türkiyənin Orta Doğu Universiteti Kimya Bölümündə 21-28 noyabr 2016-cı il tarixlərdə təcrübəkeçmə ezamiyətində olub. Məqsəd Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan bu universitetdə aparılan elmi tədqiqatlarla bağlı qabaqcıl təcrübəni mənimsəmək və öz elmi işlərində tətbiq etməkdir.

Bu müddətdə gənc tədqiqatçı Universitetin kimya bölümdə ümumi, fiziki və üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuşdur.

Sonrakı mərhələdə artıq müştərək elmi tədqiqatlar gerçəkləşdirmək nəzərdə tutulur.

İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 14–19 noyabr 2016-cı il tarixlərində Rusiyanın Moskva şəhərində ezamiyyətdə olmuş, Rusiya Federasiyasının Moskva Şəhərində RPİ şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Sürtkü yağılarının istehsalı və bazarı-2016” XII beynəlxalq konfransda iştirak etmiş və Azərbaycanda sürtkü yağlarının istehsalının vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir.

İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 2017-ci ilin 28 may – 03 iyun tarixlərində Belarus Respublikasının Minsk şəhərində olmuş, orada keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” adlı VI Beynəlxalq elmi-texniki konfransda təşkilat komitəsinin üzvü kimi iştirak etmiş və plenar məruzə ilə çıxış etmişdir.

İnstitutda “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 2 nəfər 10-cu sinif şagirdi Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Əfsun Sucayevin rəhbərliyi ilə elmi layihə hazırlayıb yerinə yetirmişdir. Onlardan Cavad Cəbrayılov  Türkiyənin İzmir şəhərində 04-10 iyun 2018-ci il tarixlərdə keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiyadasında ölkəmizə bürünc medal qazandırmışdır.

İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 2018-ci ildə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzv seçilmişdir.

O, həmçinin baş redaktoru olduğu Kimya problemləri jurnalının 2018-ci ildə Web of Science bazasına daxil edildiyi üçün “Clarivate Analytics”şirkəti  ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb.

İnstitutun gənc alimi k.ü.f.d., dosent Əfsun Sucayev də “Web of Science”də “yüksək istinad almış” 2  məqalənin müəllifi nominasiyasına görə “ Clarivate Analytics” şirkəti ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb. O bu il Azərbaycandan bu naminasiya üzrə diploma layiq görülən yeganə alimdir.

İnstitutun laboratoriya müdiri k.ü.e.d. Həqiqət Cavadova, baş elmi işçi tex.ü.e.d. Elmira Nağıyeva və aparıcı elmi işçi k.ü.f.d. Yulduz Ramazanova bu ilin 30 sentyabr – 5 oktyabr tarixlərində Belarusiya Respublikasının Minsk şəhərində elmi ezamiyyətdə olmuş və 02-04 oktyabr tarixlərində orada keçirilən «Химические реактивы, реагенты и процессы малотоннажной химии» (Реактив-2018) XXXI Beynəlxalq elmi-texniki konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər. Konfransda iştiraklarına görə sertifikatla və I dərəcəli diplomla təltif olunmuşlar.

Beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi sahəsində mütamadi tədbirlər həyata keçirilir.

2019-cu ildə Bakı Mühəndislik Universiteti, AMEA Neft Kimya Prosesləri İnstitutu və ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi ilə birlikdə müasir kompüter proqram təminatlarının imkanlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə çoxkompenentli kondensləşmə reaksiyalarının nəzəri və təcrübi mexanizminın tədqiqi ilə bağlı müştərək beynəlxalq tədqiqatlar davam etdirilmişdir.

Alınan yeni birləşmələrin sürtkü yağlarına antioksidləşdirici, antimikrob, yeyilmə və siyrilməyə qarşı aşqar kimi təsir mexanizmini tədqiq etmək üçün bəzi nümunələr analiz edilmiş və yüksək antioksidant, antimikrob təsirə malik olduğu müəyyənləşdirilmişdir.

Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin İrkutsk Kimya İnstitutu ilə apardılan beynəlxalq müştərək tədqiqatlar çərçivəsində qarşı tərəfdən təqdim olunan 8 yeni maddə nümunəsinin analizi aparılmış və onların yüksək antioksidant xassələrə malik olduğu təsdiqlənmişdir.

İnstitutda sintez edilmiş triazintion və amintiolların yeni törəmələrinin Türkiyənin Bartin Universitetinin alimləri ilə birgə canlı orqanizmdə asetilxolinesteraza (AChE), butirilxolinesteraza (BChE) və β-qlioksidaza fermentlərinin inhibitoru kimi təsirlərə malik olduğu müəyyənləşdirilmiş və məlum olmuşdur ki, bu maddələrin ayrı-ayrı nümayəndələrinin molekulunda bir neçə funksional qrupun olması onların yüksək antikanser, antihipertonik və antidiabet təsirlər göstərməsi ilə nəticələnir. Bu birləşmələr standart dərman maddələri ilə müqayisədə yuxarıda qeyd olunan fermentlərin dəfələrlə təsirli inhibitorudur.

01 oktyabr 2019-cu il tarixdə İnstitutla Rusiya Federasiyası Elmlər Akademiyasının İrkutsk Filialının A.E.Favorski adına Kimya İnstutu arasında “Yeni üzvi maddələrin sintezi və funksional xassələrinin, o cümlədən antioksidləşdirici və fizioloji fəallığının tədqiqi, funksional təsir mexanizminin, həmçinin birləşmələrin tərkib və quruluşunun funksional təsir effektinə təsiri” mövzusunda 3 il müddətinə əməkdaşlıq müqaviləsi bağlanmışdır.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Aşqarlar Kimyası İnstitutunun alimləri xarici ölkələrin aparıcı elmi mərkəzlərinə ezam olunub.

İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 26–31 may 2019-cu il tarixlərdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş, orada keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” adlı Beynəlxalq elmi-texniki konfransda təşkilat komitəsinin üzvü və plenar məruzəçi kimi iştirak etmiş, həmçinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasınınm rəhbərliyi ilə görüşmüşdür.

İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Əfsun Sucayev 09 – 13 sentyabr 2019-cu il tarixlərdə Türkiyənin Ankara şəhərində ezamiyyətdə olmuş, Bartin Universitetində keçirilən “Bioüzvi və biotibbi kimyanın inkişafı” XXI Beynəlxalq konqresdə plenar məruzə ilə çıxış etmişdir.

Akademik Vaqif Fərzəliyev 15-19 oktyabr 2019-cu il tarixlərdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş, burada Belarus Dövlət Texnoloji Universitetinin Belarus Respublikası Təhsil Nazirliyi ilə birgə Minsk şəhərində keçirdiyi “Kimya texnologiyaları və neft-qaz emalı üzrə” II Beynəlxalq elmi-texniki və investisiya forumunda (НЕФТЕХИМИЯ-2019) və forum çərçivəsində keçirilən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının “Neft Kimyası” Elmi şurasının iclasında həmin Elmi şuranın üzvü kimi iştirak etmişdir.

İnstitutun “Korroziya inhibitorları” laboratoriyasının elmi işçisi Səbiyə Osmanova və “Transmisiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları” laboratoriyasının kiçik elni işçisi Günay İsmayılova 30.10.2019 – 03.11.2019-cu il tarixlərdə Türkliyənin Antalya şəhərində ezamiyyətdə olmuş, burada keçirilən “II Beynəlxalq ekoloji kimya” (”2nd İnternational Environmental Chemistru”) konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər.

İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Əfsun Sucayev 04 – 09 noyabr 2019-cu il tarixlərdə Belarus Respublikasının Qrodno şəhərində yerləşən Bioaktiv Maddələrin Biokimyası İnstitutunda ezamiyyətdə olmuş, bu İnstitutla birgə həyata keçirilən beynəlxalq layihə çərçivəsində yerinə yetirilən elmi tədqiqatların nəticələri ilə tanış olmuş, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

2020-ci ildə fundamental tədqiqatlar üzrə beynəlxalq tədqiqat qrupları ilə əməkdaşlıq davam etdirilmişdir. Belə ki, Türkiyənin Atatürk, Bartin, İtaliyanın Florensiya universitetlərinin alimləri ilə “Patoloji proseslərə qarşı yeni enzim-izoenzim inhibitorların yaradılması” istiqamətində aparılan müştərək beynəlxalq tədqiqatlar zamanı mühüm nəticələr alınmışdır. Ən mühüm nəticə tərəfimizdən sintez olunan aminospirtlər, triazintionlar, pirimidintionlar, asetofenonlar, pirrolidinlər, aziridinlər və sulfoamidlərdən ibarət yeni heterotsiklik birləşmələrin üzərində hüceyrə və toxuma səviyyəsində “molekulyar dokinq” tədqiqatlar aparılması və həmin maddələrin seçilmiş 4 nümayəndəsinin xərçəng və şəkərli diabet əleyhinə potensial dərman maddələri təsirlərinə malik olmasının təsdiqlənməsidir.

Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İstitutunun “Bəzi heterotsiklik birləşmələr” laboratoriyası alimlərinin sintez etdikləri yeni maddələrin İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında həm karbohidrogenlərin oksidləşməsinə qarşı antioksidant xassələri, həm də patoloji proseslərə qarşı fizioloji fəal maddə kimi enzim-izoenzim inhibitorları xassələri ətraflı tədqiq edilir. Qarşı tərəfdən 2019-cu ildə göndərilmiş və laboratoriya analizləri zamanı sürtkü materialları üçün yüksək antioksidant təsirinə malik olduğu müəyyənləşdirilmiş 8 yeni maddənin içərisindən  dərman potensialına malik olan 6 maddənin   2020-ci ildə digər xarici həmkarlarla birlikdə müxtəlif enzim və izoenzimlər üzrə inhibitor təsiri araşdırılmış, ayrı-ayrı funksional qrup saxlayan nümayəndələrinin “Alzeymer” və şəkərli diabetə qarşı aktivliyə malik olduğu təsdiqlənmişdir. Hər iki mühüm elmi nəticə əsasında hazırlanmış 1 məqalə nüfuzlu xarici jurnalda çap olunmuş, 1 məqalə isə hazırda çapdadır. Qarşı tərəfdən artıq növbəti mərhələ üçün 14 yeni maddə göndərilmiş, onların karbohidrogenlərin oksidləşməsinə qarşı və həmçinin, müxtəlif fermentlər üzrə patoloji proseslərə qarşı antioksidant, antikanser, izoenzim inhibitor fəallığı ilə bağlı “molekulyar dokinq” tədqiqatları davam etdirilir.

Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birgə layihə (“Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması”) üzrə elmi tədqiqatlar nəticəsində tərəfimizdən alınan yeni birləşmələrin partnyor İnstitutun “Molekulyar Genetika” laboratoriyasında heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilmiş, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılmış, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunmuşdur. Əldə edilən mühüm nəticələrlə bağlı 1 məqalə nüfuzlu Journal Molecular Structure jurnalında çap etdirilmişdir. Hazırda tədqiqatlar davam etdirilir.

ABŞ Buffalo Universiteti Kompüter Araşdırmalar Mərkəzi və Bakı Mühəndislik Universitetinin aparıcı mütəxəssisləri ilə birgə aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində İnstitutda müasir kompüter proqram təminatlarının imkanlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə ayrı-ayrı zərif üzvi sintez reaksiyalarının nəzəri mexanizminin kompüter tədqiqi ilə bağlı mühüm yeniliklər əldə olunmuşdur.

10-11 noyabr 2020-ci il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Neft-kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və Bakı Mühəndislik Universitetinin kafedra müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayev Almaniyada onlayn rejimdə keçirilən 5-ci Yaşıl və Davamlı Kimya Konfransına (5th Green and Sustainable Chemistry Conference) qatılıblar. Onlar ucuz maliyyəli [Et2NH2]HSO4 ion mayesinin katalizatoru iştirakında CO2-nin tsiklik karbonat, karbamat, karbamid və karbonilsulfatlara çevrilməsinin nəzəri və təcrübi kompüter tədqiqi (Theory for low-cost [Et2NH2]HSO4 ionic liquid catalyzed CO2 conversion to cyclic carbonates, cyclic carbamates, cyclicureas, and cyclic carbonylsulfates) mövzularında məruzə etmişlər.

Bu elmi tədqiqatlar AMEA Neft-kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının SOCAR Elm Fondunun maliyyə dəstəyi ilə birgə həyata keçirdikləri “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” adlı layihəsi çərçivəsində yerinə yetirilmişdir. Tədqiqatların nəticələri “Elcevier” nəşriyyatına daxil olan eyniadlı konfransın materiallarında çap olunmuşdur.

Həmçinin, layihə çərçivəsində kompüter kimyası ilə əlaqəli nəzəri-təcrübi hesablamaların aparılması üçün dəyəri 1150 ABŞ dollar olan kompüter proqramı, hər iki müəsisənin magistr, doktorant və dissertantlarının elmi tədqiqat işlərinə dəstək məqsədi ilə 5 000 AZN dəyərində cihaz və reaktivlər alınmışdır.

Eyni zamanda Türkiyənin Atatürk və Bartin Universitetlərinin alimləri ilə “Patoloji proseslərə qarşı yeni enzim-izoenzim inhibitorların yaradılması” istiqamətində aparılan müştərək beynəlxalq tədqiqatlar öz müsbət nəticələrini vermişdir. 2020-ci ildən başlayaraq İnstitut alimləri tərəfindən sintez olunan yeni heterotsiklik birləşmələrin üzərində ilk dəfə hüceyrə və toxuma səviyyəsində “molekulyar dokinq” tədqiqatlara başlanılmış və bir sıra mühüm nəticələr əldə olunmuşdur. Hazırda türk alimlərlə əldə olunan elmi nəticələrlə bağlı nüfuzlu xarici jurnallarda (Bioorganic chemistry – impakt faktor 4.850; Journal of Biomolecular Structure and Dynamics- impakt faktor 3.220, Journal Molecular Structure – impakt faktor: 2.463, Archiv der Pharmazie – impakt faktor: 2.45, ЖОРХ- 0.751) 5 məqalə çap edilmiş, 2 məqalə çapa qəbul olunmuş, 10 məqalə çapa göndərilmişdir. Həmin tədqiqat qrupunun üzvü olan AKİ alimləri də mütəmadi olaraq vidokonfranslar təşkil edib, müzakirələr aparmışlar.