Britaniyada oyun asılılığından müalicə üçün ilk klinika açılıb

1169

Ötən il Ümumdünya Səhiyyə Təşkilatı əksər insanlar tərəfindən sevimli məşğuliyyət hesab edilən kompüter oyunlarından asılılığı psixi xəstəlik kimi tanıyaraq onu rəsmi xəstəliklər siyahısına daxil edib. Yeni qanunun 2022-ci ildə qüvvəyə minəcəyinə baxmayaraq artıq Böyük Britaniyada xəstəliyin müalicəsi üçün ilk klinika fəaliyyətə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “This Morning” verilişində müsahibə zamanı doktor Genrietta Bouden Cons 2019-cu ilin dekabrında Britaniyada oyun asılılığının müalicəsində ixtisaslaşan ilk klinika açılmasını bildirib. Onun sözlərinə görə, klinikanın fəaliyyətə başladığı ilk ay ərzində ora müraciət edən 43 nəfərin yalnız 22-si gələcək müalicə və xəstəxanaya yerləşdirilməyə razı olub. Bu siyahıya daxil olan bir neçə şəxs artıq həkimlər tərəfindən təyin edilən lazımi prosedurlardan keçir.

Hazırda xəstələrin əksər hissəsini problemli yeniyetmələr təşkil edir. Maraqlıdır ki, valideynlər tərəfindən mehriban və başa düşən kimi xarakterizə edilən uşaqlar tezliklə aqressiv və çətin fərdlərə çevrilib.

Məlumata görə, klinika oyun asılılığından müalicə üçün qabaqcıl metodlardan istifadə edir: terapiyaya dərmanla müalicə daxil deyil, oyun sessiyalarından istifadə isə tam məhdudlaşdırılmır.

Nizam Nuriyev

PAYLAŞ