Bütün elmi fəaliyyəti Aşqarlar Kimyası İnstitutu ilə bağlı olan kimyaçı alim

141

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun “Korroziya inhibitorları” laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru Sabirə Sərdarovanın 80 yaşı tamam olub. Bu münasibətlə İnstitutun Elmi Şurasında yubiley mərasimi keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, Sabirə xanımın bütün elmi yaradıcılığı Aşqarlar Kimyası ilə bağlı olub: “O, Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olub. 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır”. V.Fərzəliyev qeyd edib ki, üzvi kimyanın bu  spesifik sahəsinin inkişafında onun böyük xidmətləri olub: “Sabirə xanım üzvi kimya sahəsində ixtisaslaşmış mütəxəssisdir. Onun elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.M. Quliyevin rəhbərlik etdiyi “Sürtkü yağları və aşqarlar” laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır. Sabirə Sərdarovanın elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, polimerlər və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların, sabitləşdiricilərin və bakterisidlərin işlənib hazırlanması təşkil edir. O, yeni maddələrin sintezi, onların tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik tədqiqatlar aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış sabitləşdiricilərin və biosidlərin sənayedə və tibbdə tətbiq edilməsi tövsiyə edilmişdir. S.Sərdarova 139 elmi əsərin, o cümlədən 23 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun əsərlərinin çoxu xaricdə çap olunmuşdur. Beynəlxalq və respublika konfranslarında dəfələrlə məruzələrlə çıxış etmişdir”.

Tədbirdə çıxış edənlər Sabirə xanım haqqında xatirələrini bölüşdülər, ona can sağlığı arzuladılar.

PAYLAŞ