Elmi ezamiyyət

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun
əməkdaşlarının xarici ölkələrə ezamiyyəti haqqında  məlumat
(2016-ci il)

  1. 13-15 aprel 2016-cı il tarixlərində fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant Xədicə Məmmədyarova Minsk şəhərində ezamiyyətdə olmuş və “Müstəqil Dövlətlər Birliyi üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatında iştirak etmişdir.  
  2. İnstitutun gənc mütəxəssisi, 4 №li  laboratoriyanın elmi işçisi Səbiyə Osmanova 22 may – 04 iyun 2016-cı il tarixlərində Almaniyanın Justus Liebig Giessen Universitetində “Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları” mövzusunda təşkil olunmuş yay məktəbinə (“DAAD Summer School-2016”) ezam olunmuşdur. Almaniya Mübadilə Proqramı çərçivəsində maliyyələşdirilən kursda iştirakçılara mövzuya uyğun tədqiqatlarla məşğul olan elm mərkəzlərinin aparıcı professorları mühazirə oxumuşlar. Eyni zamanda nəzəri biliklərin praktikada tətbiqi üçün kurs iştirakçıları ayrı-ayrı institutlarda təcrübə keçmişlər. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
  3. 27 iyun – 01 iyul 2016-cı il tarixlərində Səbiyə Osmanova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuş və burada keçirilən üzvi kimya üzrə “OргХим-2016”  konfransında iştirak etmişdir.  
  4. 18-21 iyul 2016-cı il tarixlərində institutun doktorantı Xədicə Məmmədyarova Yunanıstanın Afina şəhərində ezamiyyətdə olmuş və Afina Təhsil və Elmi-Tədqiqat İnstitutunda keçirilmiş “IV illik Beynəlxalq kimya konfransı”nda iştirak etmişdir.  
  5. İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfüqarov 14–19 noyabr 2016-cı il tarixlərində Rusiyanın Moskva şəhərində ezamiyyətdə olmuş, Rusiya Federasiyasının Moskva Şəhərində RPİ şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Sürtkü yağılarının istehsalı və bazarı-2016” XII beynəlxalq konfransda iştirak etmişlər. Akademik Vaqif Fərzəliyev konfransda Azərbaycanda sürtkü yağlarının istehsalının vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir.
  6. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş layihəsi (EİF/GAM-3-2014-6(21)-24/08/4-M-17) çərçivəsində gənc mütəxəsisimiz, 10 №li  laboratoriyanın kiçik elmi işçisi, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant Mənsurə Hüseynova 21-28 noyabr 2016-cı il tarixlərində Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan Orta Doğu Universitetində aparılan elmi tədqiqatlarla bağlı qabaqcıl təcrübəni mənimsəmək və öz elmi işlərində tətbiq etmək məqsədilə bu universitetin Kimya Bölümündə təcrübəkeçmə ezamiyətində olmuşdur.
  7. İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfiqarov  2016-cı il dekabrın 4-dən 11-dək Türkiyənin İzmir şəhərində ezamiyyətdə olmuş, “Fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi” multidisseplinar elmi-tədqiqat proqramı ilə əlaqədar Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti arasında elmi əlaqələri müzakirə etmişlər. Ezamiyyət dövründə həmçinin Egey Universitetinin Elm fakültəsinin Kimya bölməsi ilə tanışlıq və bir sıra görüşlər keçirilmiş, institutun fəaliyyət istiqamətləri barədə məlumat alınmış, hər iki tərəfi maraqlandıran elmi istiqamətlər üzrə müzakirələr aparılmış və əməkdaşlığa dair memorandumun imzalanması haqqında razılıq əldə olunmuşdur.

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun
əməkdaşlarının xarici ölkələrə ezamiyyəti haqqında  məlumat
(2015-ci il)

  1. İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və elmi işlər üzrə direktor müavini kimya üzrə elmlər doktoru, professor Mirzə Mövsümzadə 2015-ci il 24-31 may tarixlərdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş, Minsk şəhərində keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” V Beynəlxalq elmi-texniki konfransında akademik V.Fərzəliyev təşkilat komitəsinin üzvü və plenar məruzəçi, professor M.Mövsümzadə plenar məruzəçi kimi iştirak etmişlər.
  2. İnstitutun gənc alimləri kimya üzrə fəlsəfə doktorları Əfsun Sucayev və Emin Qəribov 25-29 iyul 2015-ci il tarixlərində Türkiyədə İstanbul Texnik Universitetində elmi ezamiyyətdə olublar. Bu ezamiyyətdə də məqsəd Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan bu İnstitutun elm və texnologiya sahəsində müştərək tədqiqatlar aparmaqdan ibarət idi. Bu müddətdə gənc tədqiqatçılar Universitetin ümumi, fiziki və üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuşlar.
  3. 29 iyul – 02 avqust 2015-ci il tarixlərində isə Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində elmi ezamiyyət davam etdirilmişdir. Bu müddətdə gənc tədqiqatçılar Universitetin Fen fakültəsi Kimya bölümünə aid bioloji kimya, üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuş, xüsusən, bioloji kimya fundamental tədqiqat sahəsi üzrə aparılan elmi araşdırmaları yaxından izləmişlər. Sonrakı mərhələdə ortaq elmi layihələr həyata keçirmək ətrafında fikir mübadiləsi aparılıb. Əldə olunan qarşılıqlı razılıq əsasında Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında sintez olunan fizioloji fəal maddələr Atatürk Universitetinə göndərilir. Orada həmin maddələrin fərqli metodlarla antioksidant, eyni zamanda karbonik anhidraz I ve II izoenzimləri üzərində inhibitor xassələri öyrənilir.
  4. AMEA RH-nin 05 sentyabr 2014-cü il 195 saylı sərəncamına əsasən elmi-tədqiqat işinə dair ixtisasartırma təhsilini almaq məqsədilə Almaniyanın Giessen Universitetinə göndərilmiş institutun “Mühafizəedici aşqarlar” laboratoriyasının elmi işçisi, kimya üzrə elmlər doktoru hazırlığından doktorant, kimya üzrə fəlsəfə doktoru Babayev Elbəy Rasim oğlunun elmi ezamiyyəti davam edir.
  5. İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 27 sentyabr – 02 oktyabr 2015-ci il tarixlərdə Rusiya Federasiyasının Novosibirsk şəhərində ezamiyyətdə olmuş, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Novosibirsk Üzvi Kimya İnstitutu bazasında keçirilən “Kimyəvi reaktivlər, reagentlər və aztonnajlı kimya  prosesləri” (Reaktiv-2015) XXIX elmi-texniki konfransında plenar məruzəçi kimi çıxış etmişdir.
  6. İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov Türkiyə Respublikasının Orta Doğu Texnik Universitetinin Kimya bölümü ilə 21.10.2015-ci il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2016-cı ildə birgə görüləcək elmi-tədqiqat işlərini müzakirə etmək məqsədilə 05-12 dekabr 2015-ci il tarixlərində Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olmuşlar.