Gənc alimlərin “kompüter kimyası” ilə bağlı apardıqları müştərək beynəlxalq tədqiqatlarının nəticələri nüfuzlu xarici jurnalda dərc olunub

517

AMEA Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, Bakı Mühəndislik Universitetinin kafedra müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayev və ABŞ Buffalo Universitetinin Kimya Departamentinin aparıcı elmi işçisi Jochen Autschbach ilə birgə həmmüəllifi olduqları “Computational investigation of catalytic effects of CX3COOH (X = F,Cl,H) on the three-component cyclocondensation reaction” (https://doi.org/10.1007/s00894-019-4059-7, https://link.springer.com/article/10.1007/s00894-019-4059-7) adlı məqalə “Journal of Molecular Modeling” jurnalında nəşr olunmuşdur.

Məqalədə ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmaları Mərkəzininin texniki imkanlarından istifadə olunmaqla aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində kvant kimyəvi hesablamaları ilə triazin-2-tionların nümunəsində üçkomponentli kondensləşmə reaksiyalarının təcrübi-nəzəri mexanizmi müfəssəl tədqiq edilmişdir.

Məqalə SOCAR Elm Fondunun maliyyələşdirdiyi “Neft mənşəli məhsulların istismar xassələrini kəskin yaxşılaşdıran yeni, kombinə təsirə malik antioksidantların yaradılması” adlı qrant layihəsi əsasında hazırlanmışdır (Qrant № CHE 1560881).

Məqalənin nəşr olunduğu “Journal of Molecular Modeling” jurnalı “Web of Science”, “Google Scholar” və s. Nüfuzlu elmi bazalarda indeksləşir.

 

PAYLAŞ