“Google” istifadəçilərin tarixçəsini avtomatik silən funksiya təqdim edəcək

24

“Google” şirkəti 1,5 il vaxt ötəndən sonra internetdə istifadəçilərin aktivliyi və olduğu yerlərin tarixçəsi haqqında məlumatları avtomatik silən funksiya təqdim etmək niyyətindədir. Bu haqda öz bloqunda şirkətin direktoru Sundar Piçai yazıb.

“Biz öz məhsullarımızı hazırlayarkən üç vacib prinsipə önəm veririk: informasiyanın təhlükəsizliyinin təmin olunması, ona məsuliyyətli yanaşma və istifadəçilərə onun üzərində nəzarət imkanının təqdim edilməsi. Bu gün biz məxfilik siyasətinin yaxşılaşması haqqında elan edirik” – o yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, funksiyanın işi axtarış tarixçəsi, geoməkan və səsli komandalar tarixçəsini əhatə edəcək. Bu məlumatlar “Google-da mənim fəaliyyətim” səhifəsində əlçatandır, onları istənilən vaxt silmək olar.

Bundan əvvəl bu informasiya qeyri-müəyyən müddət ərzində saxlanılırdı. İndi həmin informasiya 18 aydan sonra avtomatik silinəcək. Bu halda yenilik yalnız yeni istifadəçilərə aiddir, mövcud hesablarda bu seçimi aktivləşdirmək lazımdır.

“YouTube” platformasında məlumatlar video tövsiyə alqoritmlərini təkmilləşdirmək üçün 3 il ərzində saxlanılacaq.

Emil Hüseynov

PAYLAŞ