“Google” şirkəti ən güclü kompüter yaradıb

409

ABŞ-ın “Google” şirkəti hesablamaların sürətli aparılmasına görə ən güclü superkompüter hesab edilən “IBM” korporasiyasına məxsus “Summit” superkompüterini üstələyən dünyanın ən güclü kvant kompüterini yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “IBM” qurğusu bir hesablamanın yerinə yetirilməsi üçün 10 min il tələb etdiyi halda “Google” kompüteri bunu 200 saniyə ərzində edib. Lakin “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.

“Google” tərtibatçıları kompüteri tammiqyaslı kvant hesablama prosesi yolunda mühüm dövr adlandırıblar. Onların proqnozuna görə, kvant kompüterlərinin gücünün artırılması “Mur” qanununda yer alan ədədi silsilə göstəricilərini dəfələrlə üstələyəcək.
Məlumata görə, 2017-ci ilin noyabrında “IBM” şirkətinin kvant kompüterlər bölməsinin rəhbəri Dari Qil bildirib ki, tərtibatçılar tərəfindən 50 kubit (kvant biti) gücündə işlək hesablayıcı maşının prototipi yaradılıb.

Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Nizam Nuriyev

PAYLAŞ