Aşqarların texnologiyası laboratoriyası

Laboratoriya müdiri

texnika üzrə elmlər doktoru, dosent

DAVUD HƏSƏNOV

Sənaye prosesləri üçün yeni sintez olunmuş aşqarların fasiləsiz texnologiyasının işlənilməsi

 

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Müxtəlif illərdə laboratoriyaya texnika üzrə elmlər doktoru, professor, AEA-nın akademiki İzzət Orucova (1965-1968) və texnika üzrə fəlsəfə doktoru İslam Namazov (1968-1988) rəhbərlik etmişlər. 1988-ci ildən laboratoriyaya texnika üzrə elmlər doktoru Davud Həsənov rəhbərlik edir.

Laboratoriyanın elmi istiqaməti alkilfenolyat, sulfonat və başqa tipli aşqarların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün texnoloji aparatların seçilməsi, fasiləsiz işləyən texnoloji proseslərin işlənilməsi, onların modelləşdirilməsi və optimallaşdırılmasıdır.

Son zamanlar laboratoriya kollektivi tərəfindən fenolun heterogen katalizatorların iştirakı ilə olefin karbohidrogenləri ilə fasiləsiz alkilləşmə prosesi işlənilmişdir. Fenolun olefinlərlə alkilləşmə prosesi zamanı alınan alkilfenolların tərkibində reaksiyaya daxil olmayan olefinlərdən xammal kimi istifadə edilməsinin texnologiyası işlənilmişdir. Tətbiq olunan texnologiya qurğunun məhsuldarlığının artmasına və alınan məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olmuşdur.

Bununla yanaşı, alınmış alkilfenolun formalin və ammonyakla kondensləşmə prosesi də fasiləsiz işləyən qurğularda öyrənilmişdir. Kollektiv tərəfindən alkilfenolun formalin ilə kondensləşməsinin yeni texnologiyası işlənilmişdir. Yeni texnologiyaya əsasən prosesdə katalizator kimi hidrogenxlorid turşusu əvəzinə oksalat turşusundan istifadə olunur.

Katalizator kimi oksalat turşusundan istifadə etdikdə, qurğu aparatlarında korroziyanın, eroziyanın qarşısı alınır və qurğunun istismar dövrü uzanır.

Alkilfenolun formalinlə kondensləşmə məhsulunun kalsium və barium hidroksidləri ilə neytrallaşma prosesinin fasiləsiz texnologiyası işlənilmişdir.

Laboratoriyanın əməkdaşları institutda yaradılmış БФК, БФКу, ИХП-101 aşqarlarının alınma texnologiyasını işləmiş və onların istehsalata tətbiqinə yaxından kömək etmişlər.

İnstitutda yeni yaradılmış ИХП-114 və ИХП-130 aşqarlarının alınması üçün alkilfenolun formalin və ammonyakla kondensləşmə prosesinin fasiləsiz texnologiyası və riyazi modeli işlənilmişdir.

Göstərilən aşqarların sudan qurudulması üçün zondşəkilli və nazik təbəqəli kolonun iş prinsipi öyrənilmişdir. Təcürbə göstərmişdir ki, nazik təbəqəli kolonda aşqarda olan su 6-7 saat əvəzinə, 2-3 saat ərzində qurudulur.

Aşqarların istehsalı üçün tətbiq olunan aparatlardan – reaktor, buxarlandırıcı kolon, baromkondensator və istidəyişdiricilər seçilmiş və hesablanmışdır.

Laboratoriyanın yüksək ixtisaslı elmi kadrların hazırlanması istiqamətində fəaliyyəti nəticəsində 4 nəfər texnika üzrə fəlsəfə doktoru, 1 nəfər texnika üzrə elmlər doktoru hazırlanmışdır.

Perspektivdə institutda işlənən yeni aşqarların istehsalı üçün fasiləsiz işləyən qurğuların texnologiyasının yaradılması nəzərdə tutulur.