Mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar laboratoriyası

Laboratoriya müdiri

texnika üzrə elmlər doktoru, professor

ƏMİRÇOBAN AĞAYEV

Müxtəlif mənşəli alkilaromatik sulfoturşuların qələvi-torpaq metal duzlarının sintezi və onların mühərrik yağlarına yuyucu-dispersedici aşqarlar, yağlayıcı-soyuducu mayelərə (YSM) əlavə və korroziya inhibitorları kimi tədqiqi

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı gündən fəaliyyət göstərir. 1965-1988-ci illərdə laboratoriyaya texnika üzrə elmlər doktoru, AMEA-nın akademiki Kamil Sadıxov rəhbərlik etmişdir. 1988-ci ildən laboratoriya müdiri vəzifəsində texnika üzrə elmlər doktoru, professor Əmirçoban Ağayev çalışır.

Fəaliyyət göstərdiyi illər ərzində laboratoriyada Bakı yağları əsasında СБ-3, СК-3, СБ-3y, C-75, C-150, C-300 kimi sulfonat aşqarları və HCK-5, HCK-5y, ИXП-45, Aзерол-1, Aзерол-5 kimi yağlayıcı-soyuducu maye kompozisiyaları yaradılmış və onlardan çoxu istehsalatda tətbiq edilmişdir.

Müxtəlif sintetik alkilaromatik kardohidrogenlər əsasında ИХП-213, ИХП-215, ИХП-223, CC-150t, CC-300t, CC-150f və CC-300f kimi yüksək təmizlik dərəcəsinə malik, orta və yüksək qələvili sintetik sulfonat aşqarlarının istehsal texnologiyası işlənilmiş və hərtərəfli sınaqdan çıxarılmışdır. Bu istiqamətdə tədqiqatlar davam etdirilərək, laboratoriyada yeni növ sulfonatlar – öncədən alkilaromatik karbohid­rogenlərlə zənginləşdirilmiş mineral yağlar əsasında ПС-150n, ПС-150t, ПС-300n, ПС-300t və s. kimi yarımsintetik sulfonatlar sintez edilmişdir. Müəyyən edilmişdir ki, alınan aşqarlar fiziki-kimyəvi və funksional xassələrinə görə Paranoks-24, OLOA-246, Xayteks-6060M, Lubrizol-52 və s. kimi xarici analoqlarla eyni səviyyədə olub, MDB ölkələrində istehsal olunan C-150 və C-300 aşqarlarından əhəmiyyətli dərəcədə üstündür. Həmin aşqarlardan istifadə etməklə müasir tələblərə cavab verən M-10B2, M-10Г2, М-10Г2k, M-10D, M-10ДМ və s. mühərrik yağ kompozisiyaları yaradılmışdır. Sınaqların müsbət nəticələri əsasında yaradılmış kompozisiyalar və aşqarlar tətbiq üçün tövsiyə edilmişdir.

 

Xüsusi mühərriklərdə istifadə edilən və uzun müddət istehsalatda tətbiq edilən M-16ИХП-3 yağ kompozisiyası və onun daha yüksək istismar xassələrinə malik variantı olan M-16ИХП-4 kompozisiyası da laboratoriyada işlənilmiş və keçmiş SSRİ-nin Neft və Kimya Sənayesi Nazirliyinin qərarı ilə 1989-cu ildən Novokuybışevsk Neft Emalı zavodunda istehsalına başlanmışdır.

Onu da qeyd etmək lazımdır ki, xüsusi təyinatlı mühərriklərdə işlədilən bu tip yağların yaradılması istiqamətində aparılan tədqiqatlar keçmiş SSRİ-nin bir sıra qabaqcıl müəssisələri ilə sərt rəqabət şəklində aparılırdı.

Son illər laboratoriyada modifikasiya edilmiş sulfonat aşqarlarının yeni nəslinin yaradılması istiqamətində geniş miqyasda tədqiqatlar aparılır. Orta və yüksək qələvili AKİ-150, AKİ-150K, AKİ-150S, AKİ-150N, AKİ-300S, AKİ-300N və s. aşqarların ekoloji təmiz alınma texnologiyası işlənilmişdir.

Laboratoriyada həmçinin ИK ИХП-1 və ИK ИХП-2 kimi korroziya inhibitorlarının, СМАД və ФХЛС kimi reagentlərin və АКОР kimi mühafizəedici aşqarın daha təsirli analoqları sintez edilmişdir.

Son 10 ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələri 1 monoqrafiya, 22 məqalə (onlardan 6-sı impakt faktorlu jurnallarda) və 23 tezisdə dərc olunmuş, 6 Azərbaycan patenti alınmışdır.