Polimer aşqarlar laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə fəlsəfə doktoru, dosent

ELXAN İSAKOV

Polimer birləşmələrin sintezi, quruluşlarının öyrənilməsi və sürtkü yağlarına müxtəlif təyinatlı aşqar kimi tədqiqi

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Laboratoriyaya kimya üzrə fəlsəfə doktoru Aleksandra Lyovşina (1965-1987) və texnika üzrə elmlər doktoru, professor Ələddin Əhmədov (1987-2014) rəhbərlik etmişlər. 2014-cü ildən laboratoriyaya kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov rəhbərlik edir.

Fəaliyyət göstərdiyi illər ərzində laboratoriyada aparılan elmi-tədqiqat işlərində əsas istiqamət C2-C6 α-olefin oliqomer və birgə oliqomerləri əsasında P, S və Me (Mg, Ca, Ba) tərkibli tiofosfinat tipli aşqarların sintezi və onların yağların tərkibində yuyucu-dispersedici, korroziya və oksidləşməyə qarşı aşqar kimi tədqiqi olmuşdur. Belə aşqarlardan biri – tiofosfinat tipli çoxfunksiyalı ИХП-388 aşqarı işlənilmiş, təcrübi-sənaye miqyasında tətbiq edilmiş və onun əsasında yüksək təsirli motor yağları yaradılmışdır. Bu aşqarı almaq üçün ilkin oliqomer rolunu oynayan izobutilen-stirol birgə oliqomeri də həm təcrübi, həm də sənaye (Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi) miqyasında istehsal edilmişdir.

Laboratoriyada bu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilməklə yanaşı, vinil monomerlərinin oliqomerləri əsasında yuyucu-dispersedici oliqoalkilsuksinimid aşqarlarının alınması, heksen-1-i fenol iştirakı ilə birgə oliqomerləşdirmək və sonrakı kimyəvi çevrilmələrdən istifadə etməklə çoxfunksiyalı aşqarların işlənilməsi, bəzi vinil və allil monomerlərinin polimerləşməsi yolu ilə neft yağları və sintetik yağlar üçün özlülük indeksini artıran özlülük aşqarlarının alınması, C6-C12 α-olefinlərin oliqomerləşmə və birgə oliqomerləşmə məhsullarının sintetik yağ, sintetik komponent və çoxfunksiyalı aşqar almaq üçün ilkin xammal kimi istifadəsi, neftin və neft məhsullarının emalı, nəqli və saxlanılması zamanı meydana çıxan texnoloji problemlərin həllində laboratoriyada sintez edilmiş birləşmələrdən reagent kimi istifadə edilməsi istiqamətində də tədqiqatlar aparılmaqdadır.

Bakı neftlərinin naften turşuları ilə zənginliyini nəzərə alaraq, bu turşuların allil efirləri sintez edilmiş və özlülük aşqarları alınmasında istifadə olunmuşdur. Allil monomerləri ayrılıqda polimerləşmədiyindən, onlar alkilmetakrilat və ya stirolla birgə polimerləşdirilərək, müasir tələblərə cavab verən özlülük aşqarları alınmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 30.05.2013-cü il tarixli EİF-2012-2(6)-39/25/4-M-32 nömrəli müqaviləsi üzrə “Heksen-1-in fenol iştirakı ilә oliqomerlәşmәsi” mövzusunda layihə müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Laboratoriya kollektivinin “Allilnaftenat-stirol birgə polimeri neft yağlarına özlülük aşqarı kimi” mövzusunda elmi-tədqiqat layihəsi ARDNŞ-nin Elm Fondunun 2014-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin qalibi olmuşdur.

Laboratoriya alimləri tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələrinə dair 3 monoqrafiya dərc edilmişdir.

Son 10 il ərzində laboratoriyada aparılan elmi-tədqiqat işlərinin nəticələri 8 Azərbaycan patenti ilə təsdiq olunmus, 50-yə yaxın məqalədə öz əksini tapmışdır ki, bu məqalələrin əksəriyyəti impakt faktorlu jurnallarda çap olunmuşdur. Məruzələrin tezisləri həm beynəlxalq (Amerika, Rusiya, Gürcüstan), həm də ölkədaxili konfransların materiallarında çap olunmuşdur.

Laboratoriyada yüksək ixtisaslı kadr hazırlığı da müvəffəqiyyətlə həyata keçirilir: 3 nəfər kimya üzrə fəlsəfə doktoru hazırlanmış, 2 nəfər isə kimya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini bitirmək üzrədir.