Ölkənin strateji məhsullar üzrə xaricdən asılılığını aradan qaldıran əsas vasitə elmi-tədqiqat işlərinin iqtisadiyyata tətbiqidir

860

AMEA AŞQARLAR KİMYASI İNSTİTUTU FUNDAMENTAL TƏDQİQATLARLA YANAŞI TƏTBİQİ İŞLƏR SAHƏSİNDƏ DƏ ÖNƏMLİ NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞDİR

Hazırda dünyada elm birmənalı olaraq cəmiyyətin və iqtisadiyyatın tam məhsuldar qüvvəsinə çevrilməkdədir. ABŞ və ya inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, bu ölkələr ona görə davamlı iqtisadi inkişafa nail olub ki, bu inkişafın bünövrəsində, məhz konkret elmi əsaslandırma, əldə edilmiş elmi nəticələrin ölkə iqtisadiyyatına tətbiqi dayanır. Həmin dövlətlərin strateji doktrinası qəbul olunarkən cəmiyyət və iqtisadiyyatın inkişafının əsas prinsiplərinə elmi-texniki tərəqqi məsələləri daxil edilir.

Müasir dövrdə elmi nəticələrin əldə edilməsi və təcrübədə tətbiqi ilə yanaşı elmi-texniki tərəqqinin  nəticələrinin  mənimsənilməsi  və  transformasiyası  prosesi  fundamental və tətbiqi elmin  inkişafını tələb edir.

Azərbaycan Respublikasının Elm haqqında Qanununda qeyd olunduğu kimi elmi fəaliyyətin istiqamətləri – fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılmasını özündə ehtiva edir.  Tətbiqi işlər bir növ fundamental və eksperimental elmi araşdırmalar nəticəsində əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunması, yeni istehsal prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə sistemlərinin yaradılması və onların istehsalatda və cəmiyyətin həyatında istifadə olunması başa düşülür.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) yuxarıda qeyd edilən əsas prinsipləri nəzərə alaraq yarandığı vaxtdan indiyə qədər fundamental tədqiqatlarla yanaşı tətbiqi işlər sahəsində də önəmli nailiyyətlər əldə etmişdir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ölkə üzrə tətbiq olunan və olunmağa tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsi AKİ-dir. Təkcə son bir ildə 19 patent alınmış, 20 patent haqqında ilkin müsbət qərar çıxarılmışdır.

Məlumat üçün bildirək ki, AKİ-nin əsas elmi fəaliyyət istiqaməti sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparmaqdan ibarətdir. Burdan çıxış edərək deyə bilərik ki, İnstitutun sovet illərində sənayedə tətbiq edilən ilk işləri motor yağlarının istismar keyfiyyətini yaxşılaşdıran sulfonat aşqarlarının istehsal prosesi olmuşdur.

Məlumat üçün qeyd edim ki, keçmiş SSRİ-də ilk olaraq çoxfunksiyalı aşqarların yaradılması işinə, məhz AKİ-də başlanılmış və bu qəbildən olan yüksək keyfiyyətli aşqarlar yaradılmış və bu aşqarlardan istifadə etməklə Bakı və SSRİ-nin Şərq regionunun baza yağları əsasında bir sıra yüksək keyfiyyətli motor yağları işlənilmişdir.

İnstitutda eyni zamanda tiofosfinat tipli ИХП-388 və sulfonat tipli ИХП-234 çoxfunksiyalı polimer aşqarları da hazırlanıb təcrübi-sənaye miqyasında tətbiq edilmiş, onların əsasında yüksək təsirli motor və hidravlik yağları yaradılmışdır.

Həmçinin siyrilməyə qarşı ditiokarbamat tipli, yüksək keyfiyyətli ИХП-14A aşqarı işlənilmiş, sənaye miqyasında istehsalı Yaroslavl şəhərində təşkil edilmiş və onun əsasında ТАД-17ИХП transmissiya yağı yaradılmışdır. Bu yağ minik və yük avtomobillərinin ötürücü qovşaqlarında istifadə edilmək üçün həyata vəsiqə almışdır. ИХП-14А aşqarı əsasında, eyni zamanda neft-mədən avadanlıqları yelləncək dəzgahları reduktorlarının normal işini təmin etmək üçün ВРМ-ИХП-1201 reduktor yağı işlənilmiş və tətbiqə yönləndirilmişdir.

Motor, transmissiya və sənaye yağlarının istehsalını təmin edən bir sıra aşqarlar AMEA AKİ tərəfindən yaradılmış və sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. Keçmiş İttifaq dövründə «Azərneftyağ» Neft Emalı zavodunda istehsal edilən bütün motor yağlarının tərkibinə AKİ tərəfindən yaradılmış aşqar kompozisiyaları qatılırdı.

Keçmiş SSRİ dövründə istehsal olunan aşqarların və motor yağlarının 20%-ni AKİ-nin alimləri tərəfindən yaradılmış aşqarlar və sürtkü yağları təşkil edirdi.

Keçmiş İttifaqda istehsal edilən bəzi xüsusi təyinatlı mühərriklərin və transmissiya sistemlərinin normal işləməsini təmin edən sürtkü yağları (M-16ИХП-3, TAD-17ИХП) AKİ tərəfindən onun aşqarları əsasında yaradılmış və istehsalı təşkil edilmişdir.

Yüksək temperaturda (220ºC-dən yuxarı) işləyən xüsusi təyinatlı sintetik yağlara təsirli aşqarların sintezi və onların əsasında yüksək keyfiyyətli sintetik yağ kompozisiyalarının yaradılması sahəsində aparilan tədqiqatlar nəticəsində xüsusi təyinatlı reaktiv təyyarələrin mühərrikləri üçün 240ºC-də işləyən sintetik yağ kompozisiyası işlənilmişdir.

Reaktiv yanacaqların oksidləşməyə qarşı davamlığını kəskin surətdə yaxşılaşdıran ИХП-712 aşqarı işlənilmiş və sınaqlardan müsbət nəticə ilə keçmişdir.

Keçmiş SSRİ-də dizel yanacaqlarına tüstü əleyhinə ilk aşqar − ИХП-706 aşqarı işlənilmiş və tətbiq edilmişdir. ИХП-706 aşqarı dizel yanacaqlarında tətbiq edildikdə, mühərrikdən çıxan qazlarda tüstünün və kanserogen maddələrin miqdarı 60%-dən çox azalır.

Ölkəmizin müxtəlif maşınqayırma zavodlarında metal məmulatların almaz alətlərlə kəsilməsi, habelə cilalanmasında tətbiq tapan НСК-5у və Азерол seriyasından beş yağlayıcı-soyuducu maye işlənilmişdir.

Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan Азин-1, Азин-2, Азин-3 və Азин-4 antimikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.

Neft-mədən avadanlıqlarını korroziyadan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qorumaq üçün korroziya inhibitorları (ИКИПГ, ИКАНАЗ və s.) yaradılmış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir.

SSRİ dağıldıqdan sonra ölkəmizin müstəqilliyinin ilk illərində iqtisadi əlaəqlər qırıldığı üçün respublikamızda aşqarlar və sürtkü materialları sahəsində vəziyyətin çox çətinləşdiyi bir şəraitdə ölkənin müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə qısa bir müddətdə Bakı baza yağları, AKİ-də yaradılmış və istehsalı mövcud olan və həmçinin xaricdən gətirilən aşqarlar əsasında müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün transmissiya yağları yaradılmış, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Bunlara nümunə olaraq М-10B2, М-10Г2, М-14Г2, М-14В2, М-14ГБ, xüsusi təyinatlı M-16ИХП-3 yağlarının analoqları olan yeni motor yağlarını, xaricdən gətirilmiş avtobus və mikroavtobusların istismarını təmin etmək üçün xarici analoqlara uyğun yaradılmış motor və transmissiya yağlarını göstərmək olar.

Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və istehsalı əvvəllər institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büroda təşkil edilmişdir.

Eyni zamanda Bakı Məişət Kondisionerləri zavodunda işlədilən yapon yağlayıcı-soyuducu mayesini əvəz edən yeni yağlayıcı-soyuducu maye işlənilmişdir.

İnstitutda yaradılmış AzK-18 konservasiya yağı “Bakı Yastıq zavodu” ASC-də diyircəkli yastıqların korroziyadan mühafizəsi üçün geniş istifadə olunur.

Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlika sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılmış və istehsalı AMEA-nın Təcrübə-Sənaye Zavodunda təşkil edilmişdir. Hal-hazırda zavodda istehsal edilən sürtkü yağları respublikamızın bir sıra müəssisələrində istifadə edilir.

AKİ və onun alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmasıdır ki,  hazırda onun istehsalı “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilməkdədir. Bu aşqar hazırda Bakı – Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. İstehsal olunan “Depressator-AKİ” aşqarı İnstitut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilir.

Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının məxfi patentləri ilə müdafiə olunmuşdur.

AKİ aşqarlar, sürtkü yağları və xüsusi mayelər sahəsində fəaliyyətlə yanaşı respublikanın digər problemlərinin həlli sahəsində də elmi nailiyyətlər əldə edilmişdir. Belə ki, institutun alimləri tərəfindən dünyada yeganə olan, müalicəvi xassəyə malik Naftalan neftinin səmərəli istifadə texnologiyası işlənilmiş və təcrübi miqyasda tətbiq edilmişdir. Bundan əlavə metalların korroziyadan mühafizəsi üçün yüksək təsirli korroziya inhibitorları, qazma zamanı istifadə edilən buruq məhlullarının fiziki-mexaniki xassələrini stabilləşdirən reagentlər, müxtəlif dezinfeksiyaedici və dərman peraparatları yaradılmış və tətbiq üçün tövsiyə edilmişdir. Məsələn, ötən  50 ildən artıq müddətdə neft məhsullarının mikrobioloji zədələnmədən mühafizəsinin xüsusi aşqarlar – biosidlər vasitəsilə təmin edilməsi istiqamətində aparılan elmi tədqiqatlar nəticəsində, müəyyən edilmişdir ki, sintez edilmiş biosid aşqarlar neft məhsullarını mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də fizioloji fəallıq göstərir. Ötən müddətdə çoxlu sayda bioloji fəal üzvi birləşmələr sintez edilmiş, onların tərkib və quruluşu ilə fizioloji fəallıq arasında asılılıq öyrənilmiş, hətta onların bir neçəsi müvəffəqiyyətlə sınaqdan keçərək, dərman maddələri kimi istifadəyə tövsiyə olunmuşdur. Tədqiqatlar İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda, Rusiya Elmi-Tədqiqat İnstitutunun “Biokimyəvi farmakologiya” laboratoriyasında və Azərbaycanın Q.Musabəyov adına Virusalogiya, Mikrobiologiya və Gigiyena İnstitutunda aparılmışdır. İnstitutda sintez etdiyimiz “aminofen” dərman maddəsi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən tibbi avadanlığın və otaqların dezinfeksiyası üçün təklif olunmuş, Dərman Vasitələrinin Texnologiyası və Təhlükəsizliyi Elmi-Tədqiqat İnstitutunda (Moskva ş.)  8841888 nömrə ilə  qeydə alınıbdır.

Göründüyü kimi Azərbaycanda elmin kommersiyalaşmasında iştirak edən AMEA Aşqarlar  Kimyası İnstitutu ölkəmizdə elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalının birbaşa elmi-texniki əsaslandırmasını həyata keçirir, yenilikçi bizneslərin yaradılmasına dəstək verir. İnstitutun fəaliyyətinin prioritet istiqamətlərindən biri “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”na uyğun olaraq istehsal müəssisələri ilə əməkdaşlıq etmək və elmin kommersiyalaşmasına dəstək vermək olduğu üçün bu məqsədlə İnstitut əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) reallaşdırılması bu günün özündə həyata keçirilməkdədir. Texnoparkda İnstitutda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, soyuducu mayelər və digər məhsulların alınması üsulları ilə bağlı patent layihələri reallaşdırılır.

AMEA-nın YT Park və H.Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan sürtkü yagları və digər sürtkü materiallarının istehsal texnologiyaları, istehsal və istehlakını təmin edən normati-texniki sənədlər İnstitut tərəfindən işlənilmişdir. İnstitut bu məhsulların istehsalının təşkili və sınaqlarının aparılmasında qeyd olunan müəssisələrə elmi-texniki dəstək verir.

AMEA Aşqarlar Kimyası İnstitutunun əksər işlərinin kommersiyalaşdırılması, tətbiqi əhəmiyyətli elmi tədqiqatlarla biznesə verdiyi dəstəyə görə bu günlərdə mənzil qərargahı ABŞ-nın Texas Ştatına daxil olan Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyasının təsis etdiyi “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülmüşdür.

Təbii ki hazırda AKİ və onun əməkdaşlarının istehsalatda tətbiq olunan işləri yetərli olsa da, İnstitutun mövcud potensialına adekvat deyil. Amma bunun da obyektiv səbəbləri vardır. Hər şeydən öncə elmi müəssisələr ilə istehsal sahələri arasında kordinasiya olunmuş əməkdaşlığa böyük ehtiyac vardır. Bu gün AMEA üzrə iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən ixtisaslaşmış elmi müəssisələri ölkə iqtisadiyyatına böyük töhfələr verə bilər. Xüsusən, sürtkü materialları, yanacaq, soyuducu mayelər kimi strateji məhsulların istehsalını daxili imkan əsasında həyata keçirmək mümkündür. Çünki akademik təcrübə, yüksək ixtisaslı kadr tam yerindədir. Xammalı ucuz əldə etməklə qısa vaxtda bu istehsalın şahidi olmaq olar. Təxmini hesablamalara görə, strrateji məhsullar olan sürtkü materialların illik əldə edilməsinə yüz milyon dollarla vəsait ölkədən çıxarılır. Deməli, ölkənin real iqtisadiyyatına tətbiq olunan elmi işlərlə mövcud imkanlar əsasında təşkil olunan yerli istehsal daxili vəsaitin xaricə axmasının da qarşısını almış olar. Necə deyərlər, yerli mal almaqla, xeyrimiz vətənə qalar. Həm də strateji məhsullar üzrə xaricdən asılığı aradan qaldırmış olarıq.

 

Vaqif Fərzəliyev

AMEA Aşqarlar Kimyası İnstitutunun Baş direktoru,

akademik

PAYLAŞ