Ötən il mobil təhlükələrin sayı 2 dəfə artıb

27

2018-ci ildə mobil qurğu istifadəçilərinin üzləşdiyi təhlükələrin sayı təxminən 2 dəfə artaraq 117 milyona çatıb. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mobil təhdidlərin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq zərərli proqramların sayında azalma müşahidə olunur. Ekspertlər bu tendensiyanı cinayətkarlar tərəfindən yeni yoluxma texnikalarının tətbiqi, eləcə də zərərli proqram təminatının yayılması üzrə yoxlanılmış sxemlərin (məsələn, SMS spam vasitəsilə) gücləndirilməsi ilə izah edirlər.

Şirkətin məlumatına görə, ötən il ən populyar mobil təhlükə sayı 1,5 dəfə artaraq yeni rekord müəyyənləşdirən bank troyanları olub. Bu viruslar ümumilikdə 180 ölkədə 1,8 milyon istifadəçiyə hücum edib. Rekord yayılma templərini “Asacub” və “Hqwar” troyanları nümayiş etdirib.

Həmçinin bütün aşkar edilmiş mobil təhlükələr arasında dropper viruslarının payında 2 dəfə (17 faizədək) artım qeydə alınıb. Dropperlər qurbanın kompüterinə digər zərərli proqramların icazəsiz və istifadəçidən gizli quraşdırılması üçün nəzərdə tutulub.

Bundan əlavə, kriptovalyutanın gizli əldə edilməsi üçün mobil qurğulardan istifadə edən virusların sayında 5 dəfə artım qeydə alınıb. Bunun iki əsas səbəbi var. Birincisi, müasir mobil qurğular güclü qrafik prosessorlarla təchiz edilir ki, bu da onları kriptovalyutanın əldə edilməsi üçün effektiv vasitəyə çevirir. İkincisi, istifadəçilərin mühafizəsinə etinasız yanaşdığı mobil qurğuları yoluxdurmaq nisbətən asandır.

PAYLAŞ