Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən müsabiqənin qalibləri mükafatlandırılıb

58

İyunun 1-də AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası, YAP Ərazi Təşkilatı, Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü və 28 may – Respublika Gününə həsr olunan gənc alim və mütəxəssislər – doktorant, dissertant və magistrantlar arasında keçirilmiş “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil olunan tədbirdə çıxış edən AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, İnstitutda gənc alim və mütəxəssislərə böyük diqqət və qayğı göstərilir: “Hər bir elmi tədqiqat İnstitutunun gələcəyi orada hazırlanan yüksək ixtisaslı kadrlardan – fəlsəfə və elmlər doktorlarından asılıdır. Doktorantura, dissertantura və magistraturaya qəbul olunan hər bir gəncin qarşısına qoyduğu əsas hədəflərdən biri də müvafiq elmi dərəcə və elmi adlar qazanmaqla çalışdığı elmi müəssisəyə, bütövlükdə Azərbaycan elminə, eləcə də dünya elminə töhfə verməsidir”.

V.Fərzəliyev vurğuladı ki, AKİ-də çalışan gənc alim və mütəxəssisləri daha yüksəksəviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün adlı mükafatların verilməsi, elmi müsabiqələrin keçirilməsi ənənəyə çevrilib. Bu isə imkan verir ki, gənc tədqiqatçılar müəyyən qədər həm maddi dəstək ala bilsin, həm də elmi məruzə etmək, elmi məqalə yazmaq vərdişlərinə yiyələnə bilsin, sözün əsl mənasında, sabahın əsl istedadlı alimi kimi yetişsinlər.

İnstitutun elmi işlər üzrə direktor müavini, sözügedən müsabiqənin Ekspert Komisiyasının sədri, dosent Əfsun Sucayev qeyd etdi ki, gənclərin elmə həvəslənməsinin əsas yollarından biri də elmi müsabiqələrin keçirilməsidir. Bu yolla onlar arasında sağlam rəqabət mühiti formalaşdırmaq mümkündür: “2012-ci ildən bu müsabiqələrə start vermişik. Hər dəfə də bu elmi yarışmaları iki mühüm, respublika əhəmiyyətli hadisəyə həsr edirik. Biri Ümummilli lider Heydər Əliyevin anadan olduğu ildönümü və digəri 28 may – Respublika Günüdür”.

O bu dəfə müsabiqəyə qatılan iştirakçıların pandemiya ilə əlaqədar onlayn dinləmələrinin keçirildiyi və nəticələrin qiymətləndirildiyini vurğuladı.

Sonda müsabiqənin nəticələrinə görə, 2 saylı laboratoriyanın gənc əməkdaşı Günay İsmayılova I, 4 saylı laboratoriyanın əməkdaşı Lamiyə Kazımova II, 5 saylı laboratoriyanın əməkdaşı Ulduz Cəfərova III yerə və  3 saylı laboratoriyanın əməkdaşı Nuridə Məmmədova həvəsləndirici yerə layiq görüldülər və onlara diplom və pul mükafatları təqdim olundu.

PAYLAŞ