Vaqif Fərzəliyev: “AMEA Aşqarlar Kimyası İnstitutu “onlayn” rejimdə fəaliyyətini uğurla davam etdirir”

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tapşırıqlara uyğun olaraq AMEA akad. Ə.Quliyev adına Aşarlar Kimyası İnstitutu da öz fəaliyətini “onlayn” formatda davam etdirir. Bu haqda “AZƏRTAC”a məlumat verən sözügedən elmi müəssisəsinin direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə tərəfimdən institutdaxili sərəncam hazırlanıb, bütün laboratoriya və şöbə rəhbərlərinə konkret tapşırıqlar verilib: “Bu tapşırıqlar ilk növbədə institutda təhsil alan magistrlərin təhsilinin onlayn davam etdirilməsini özündə əksə etdirirdi. Artıq deyə bilərəm ki, mart ayının 29-dan etibarən İnstitutun I kurs magistrantları üçün mühazirə və seminar dərslər İnstitutun aparıcı alimləri tərəfindən “Zoom” platforması üzərindən keçirilir. II kursda təhsil alan magistrantlar isə “onlayn” rejimdə həm elmi-pedaqoji təcrübə prosesinə cəlb olunublar, həm də elmi rəhbərləri ilə öz magistr dissertasiya işlərini yekunlaşdırmaq üçün elmi-metodiki məsləhət saatlarından faydalanırlar. Bütün bu proseslərə elmi katiblik və təhsil şöbəsi fasiləsiz nəzarət edir”.

V.Fərzəliyev fundamental nəzəri tədqiqatlar üzrə beynəlxalq tədqiqat qrupları ilə sıx iş qrafiki ilə çalışdığını qeyd etdi. Onun sözlərinə görə, xüsusən, Türkiyənin Atatürk və Bartin Universitetlərinin alimləri ilə “Patoloji proseslərə qarşı yeni enzim-izoenzim inhibitorların yaradılması” istiqamətində aparılan müştərək beynəlxalq tədqiqatlar öz müsbət nəticələrini verməkdədir: “2020-ci ildən başlayaraq İnstitut alimlərimiz tərəfindən alınan maddələrin üzərində hüceyrə və toxuma səviyyəsində molekulyar tədqiqatlar  aparılır və mühüm nəticələr əldə olunmaqdadır. Hazırda türk həmkarlarımızla əldə olunan elmi nəticələrlə bağlı nüfuzlu xarici jurnallarda 1 məqalə çap edilib, 3 məqalə çapa qəbul olunub, 5 məqalə çapa göndərilib. Həmin tədqiqat qrupunun üzvü olan alimlərimiz mütəmadi olaraq vidokonfranslar təşkil edib, müzakirələr aparırlar”.

V.Fərzəliyev qeyd etdi ki, türk alimlərinin mart ayında Aşqarlar Kimyası İnstitutunda  indiyə qədər aparılan ortaq elmi tədqiqatların nəticələrinə həsr olunan respublika miqyaslı seminarı karonavirus pandemiyası ilə əlaqədar təxirə salınsa da, bu müştərək fəaliyyətə təsir göstərməyib. “Ortaq çalışmalarımızın mövcud vəziyyətini və gələcək perspektiv planları videokonfrans yolu ilə mütəmadi müzakirə edib qərarlar verə bilirik”.

AKİ-nin direktoru Rusiya, Belarusun aparıcı elmi mərkəzlərinin alimləri ilə beynəlxalq səviyyədə tədqiqatların davam etdirildiyini və indiki şəraitdə müəyyən müsbət elmi nəticələrin əldə oldunduğunu vurğuladı.

V.Fərzəliyev dedi ki, təkcə beynəlxalq tədqiqat qruplarında çalışan alimlərimiz deyil ümumiyyətlə elmi işçilər fəaliyyətlərini internet üzərindən davam etdirirlər, aid olduqları tədqiqat sahəsi üzrə elmi məlumatların toplanması və analizi, elmi məqalələrin yazılıb nəşrə təqdim olunması, onlayn rejimdə seminar, konsultasiya və konfranslarda iştirak kimi üzərlərinə düşəcək işləri yüksək səviyədə yerinə yetirməyə çalışırlar: “İnstitutun elmi işçiləri tərəfindən 2020-ci ilin birinci yarım ili üçün nəzərdə tutulan laboratoriya tədqiqatları karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində yerinə yetirilib. Hazırda aparılan elmi-tədqiqat işləri emal edilir və alınan nəticələr əsasında məqalə, patent və tezislər hazırlanır”.

Onun sözlərinə görə, o cümlədən, İnstitut alimləri Azərbaycanca vikipediya üçün məqalələrin hazırlanması və yerləşdirilməsi ilə də məşğul olmaqla, bu istiqamətdə də öz töhvələrini verirlər. Bu məqsədlə, İnstitutun “Patent tədqiqatları və elmi informasiyanın analizi” şöbəsi elmi işçilərə lazım olan informasiya dəstəyini göstərir.

V.Fərzəliyev İnstitutun gənc alim və mütəxəssisləri, doktorant, dissertant və magistrantlarının elmə həvəsləndirilməsi onların bir alim kimi yetişməsi məqsədi daşıyan adlı mükafat müsabiqələrinin bu ildə keçiriləcəyini, artıq Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən onlayn elanın verildiyini və bu dəfəki müsabiqələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci, eyni zaman da AMEA-nın 75 və Aşqarlar Kimyası İnstitutunun 55 illik yubileylərinə həsr olunduğunu söylədi.

İnstitut direktoru qeyd etdi ki, qurumun rəsmi www.aki.az veb-saytı da öz fəaliyyətini onlayn şəkildə davam etdirir və mütəmadi olaraq həm institutla bağlı, həm də dünyada, eləcə də ölkəmizdə baş verən yenilikləri 3 dildə yayımlayır.