Yüksək təhlükəsizlikli “Hyundai” elektrik mikroavtobusu nümayiş olunub

200

Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan ilk elektrik mikroavtobus nümayiş olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni “Hyundai County” şirkət tarixində elektrik mühərriklə təchiz edilən ilk mikroavtobusdur. O, 128 kilovattlıq güclü litium-ion polimer akkumulyatora malikdir. Akkumulyatorun bir dəfə enerji ilə tam doldurulması 250 kilometrlik məsafəni qət etməyə kifayət edir. Xüsusi qurğu sayəsində akkumulyatoru 72 dəqiqəyə enerji ilə doldurmaq mümkündür. Lakin adi ev rozetkasından istifadə zamanı bunun üçün 17 saat tələb olunacaq.

Məlumata görə, avtobusun sərnişin tutumu modeldən asılı olaraq 15-33 nəfər arasında dəyişir. Sürücünün oturacağı ventilyasiya və isitmə sistemi ilə təchiz edilib. Sürücü, həmçinin 7 düymlük sensor ekranla təchiz edilmiş cihaz panelindən və avtobus haqqında əlavə informasiyanı əks etdirən 4,2 düymlük daha iki ekrandan istifadə edəcək.

Bildirilir ki, avtobus ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Belə ki, qapı yerində yerləşən sensorlar sərnişinlərin minməsi və ya düşməsi zamanı qapıların bağlanmasına imkan vermir. Sıxılma baş verəcəyi təqdirdə qapılar avtomatik açılacaq. Bundan əlavə, sərnişin avtobusa tam daxil olduqdan və ya onu tam tərk etdikdən sonra yola düşəcək.

Elektrik mühərriklə işləyən avtobusun satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Nizam Nuriyev

PAYLAŞ