AMEA Aşqarlar Kimyası İnstitutunda “Cümhuriyyətin 100 illik Yubileyi”nə həsr olunan elmi müsabiqə qalibləri mükafatlandırılacaq

0
56

30 may 2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu  Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Cümhuriyyətin yaradılmasının 100 illik Yubileyi” münasibəti ilə gənc alim, doktorant və disertantlar arasında élan edilən “Ən yaxşı məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq. Orada qaliblərə diplom və pul mükafatları təqdim olunacaq. Həmin tədbirdə həmçinin elmi nailiyyətlərinə görə İnstitutun bir gənci “Gənclər üçün akademik Əli Quliyev” diplomla təltif ediləcək.

Qeyd edək ki, bununla əlaqədar 24 may 2018-ci il tarixdə İnstitutda “Ən yaxşı elmi məruzə” müsabiqəsinə qatılan namizədlərin təqdimatları olub. Elmi müsabiqənin şərtlərinə uyğun olaraq Ekspert Komisiyasının üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin özlərinin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələrini dinləyiblər.

Gənc tədqiqatçılardan “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyası, kiçik elmi işçi Aidə Yusifova “İşlənmiş motor yağlarının regenerasiya məhsulları əsasında yüksək gücləndirilmiş avtotraktor dizelləri üçün yeni sürtkü kompozisiyaları”; “Yanacaqlara aşqarlar” laboratoriyasının dissertantı Ulduz Cəfərova “Asetilen sıra qlisid efirlərinin bəzi kimyəvi və bakterisid xassələrinin öyrənilməsi”; “Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqat” laboratoriyasının doktorantı Mənsurə Hüseynova “[2-(Aminotioksometilhidrazon)]sirkə turşusunun keçid metalları ilə kompleks birləşmələrinin quruluşu və xassələri”; “Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları” laboratoriyasının dissertantı Günay İsmayılova “Ksantogenat turşu törəmələrinin sintezi, və siyrilməyə, yeyilməyə qarşı aşqar kimi tədqiqi ”; “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasının kiçik elmi işçisi Xədicə Məmmədyarova “Heteroatom saxlayan alkilfenolyat aşqarı modifikasiyası” və “Yanacaqlara aşqarlar” laboratoriyasının əməkdaşı Lalə Mahmudova “Biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyasının işlənib hazırlanması və istismar xassələrinin tədqiqi” mövzularında məruzələrini təqdim edib, sualları cavablandırıblar.

SHARE