Tətbiq olunan işlər

İnstitut tərəfindən fundamental tədqiqatlarla yanaşı tətbiqi işlər sahəsində də önəmli nailiyyətlər əldə edilmişdir.

İnstitutun sənayedə tətbiq edilən ilk işləri СБ-3 və СК-3 sulfonat aşqarlarının istehsal prosesi olmuşdur.

Keçmiş SSRİ-də ilk olaraq çoxfunksiyalı aşqarların yaradılması işinə başlanılmış və bu qəbildən olan yüksək keyfiyyətli БФК, БФКу, ИХП-21, ИХП-101 və СБ-3у aşqarları yaradılmış və bu aşqarlardan istifadə etməklə Bakı və Şərq yağları əsasında bir sıra yüksək keyfiyyətli motor yağları işlənilmişdir.

Tiofosfinat tipli ИХП-388 və sulfonat tipli ИХП-234 çoxfunksiyalı polimer aşqarları işlənilib təcrübi-sənaye miqyasında tətbiq edilmiş, onların əsasında yüksək təsirli motor və hidravlik yağları yaradılmışdır.

Siyrilməyə qarşı ditiokarbamat tipli, yüksək keyfiyyətli ИХП-14A aşqarı işlənilmiş, sənaye miqyasında istehsalı Yaroslavl şəhərində təşkil edilmiş və onun əsasında ТАД-17ИХП transmissiya yağı yaradılmışdır. Bu yağ minik və yük avtomobillərinin ötürücü qovşaqlarında istifadə edilmək üçün vəsiqə almışdır. ИХП-14А aşqarı əsasında həmçinin neft-mədən avadanlıqları yelləncək dəzgahları reduktorlarının normal işini təmin etmək üçün ВРМ-ИХП-1201 reduktor yağı işlənilmiş və tətbiq üçün vəsiqə almışdır.

Motor, transmissiya və sənaye yağlarının istehsalını təmin edən bir sıra aşqarlar AMEA AKİ tərəfindən yaradılmış və sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. Keçmiş İttifaq dövründə «Azərneftyağ» Neft Emalı zavodunda istehsal edilən bütün motor yağlarının tərkibinə AKİ tərəfindən yaradılmış aşqar kompozisiyaları qatılırdı.

Keçmiş SSRİ dövründə istehsal olunan aşqarların və motor yağlarının 20%-ni AKİ-nin alimləri tərəfindən yaradılmış aşqarlar və sürtkü yağları təşkil edirdi.

Keçmiş İttifaqda istehsal edilən bəzi xüsusi təyinatlı mühərriklərin və transmissiya sistemlərinin normal işləməsini təmin edən sürtkü yağları (M-16ИХП-3, TAD-17ИХП) AKİ tərəfindən onun aşqarları əsasında yaradılmış və istehsalı təşkil edilmişdir.

Yüksək temperaturda (2200C-dən yuxarı) işləyən xüsusi təyinatlı sintetik yağlara təsirli aşqarların sintezi və onların əsasında yüksək keyfiyyətli sintetik yağ kompozisiyalarının yaradılması sahəsində aparilan tədqiqatlar nəticəsində xüsusi təyinatlı reaktiv təyyarələrin mühərrikləri üçün 2400C-də işləyən sintetik yağ kompozisiyası işlənilmişdir.

Reaktiv yanacaqların oksidləşməyə qarşı davamlığını kəskin surətdə yaxşılaşdıran ИХП-712 aşqarı işlənilmiş və sınaqlardan müsbət nəticə ilə keçmişdir.

Keçmiş SSRİ-də tüstü əleyhinə ilk aşqar − ИХП-706 aşqarı işlənilmiş və tətbiq üçün vəsiqə almışdır. ИХП-706 aşqarı dizel yanacaqlarında tətbiq edildikdə, çıxan qazlarda tüstünün və kanserogen maddələrin miqdarı 50%-dən çox azalır.

Ölkəmizin müxtəlif maşınqayırma zavodlarında metal məmulatların almaz alətlərlə kəsilməsi, habelə cilalanmasında tətbiq tapan НСК-5у və Азерол seriyasından beş yağlayıcı-soyuducu maye işlənilmişdir.

Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan Азин-1, Азин-2, Азин-3 və Азин-4 antimikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.

Neft-mədən avadanlıqlarını korroziyadan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qorumaq üçün korroziya inhibitorları (ИКИПГ, ИКАНАЗ və s.) yaradılmış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir.

Ölkəmizin suverenliyinin ilk illərində respublikamızda aşqarlar və sürtkü materialları sahəsində vəziyyətin çox çətinləşdiyi bir şəraitdə respublikanın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə qısa bir müddətdə Bakı baza yağları, AKİ-də yaradılmış və istehsalı mövcud olan və həmçinin xaricdən gətirilən aşqarlar əsasında müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün transmissiya yağları yaradılmış, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Bunlara misal olaraq М-10B2, М-10Г2, М-14Г2, М-14В2, М-14ГБ, xüsusi təyinatlı M-16ИХП-3 yağlarının analoqları olan yeni motor yağlarını, xaricdən gətirilmiş avtobus və mikroavtobusların istismarını təmin etmək üçün xarici analoqlara uyğun yaradılmış motor və transmissiya yağlarını göstərmək olar.

Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büroda təşkil edilmişdir.

Bakı Məişət Kondisionerləri zavodunda işlədilən yapon yağlayıcı-soyuducu mayesini əvəz edən yeni yağlayıcı-soyuducu maye yaradılmışdır.

İnstitutda yaradılmış AzK-18 konservasiya yağı “Bakı Yastıq zavodu” ASC-də diyircəkli yastıqların korroziyadan mühafizəsi üçün geniş istifadə olunur.

Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlika sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılmış, onların texniki şərtləri işlənilmişdir.

Yaradılmış sürtkü kompozisiyalarının istehsalı  Təcrübə-Sənaye Zavodunda təşkil edilmişdir. Hal-hazırda zavodda istehsal edilən sürtkü yağları Respublikanın bir sıra müəssisələrində istifadə edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün işlənilmiş bir neçə xüsusi təyinatlı yağ müvafiq sınaqlardan keçir.

Yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmış və istehsalı “Aşqar” Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büroda (“Aşqar” Tİ ilə XTB) təşkil edilmişdir. Bu aşqar hazırda Bakı – Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir.

Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının məxfi patentləri ilə müdafiə olunmuşdur. Yaradılmış texnologiya hal-hazırda Təcrübə-Sənaye Zavodunda tətbiq edilir.

Təcrübə-Sənaye Zavodunun fəaliyyətini gücləndirmək üçün institut tərəfindən Təcrübə-Sənaye zavodunda müxtəlif təyinatlı sürtkü yağları və sürtkülərin yaradılması, istehsalının təşkili, istehsal və istehlakını təmin edən sənədlərin – Texniki Şərtlərin işlənməsi, təcrübi sınaqların aparılması, bu sahədə aparılan elmi işlər haqqıında dövrü ədəbiyyatda olan məlumatların araşdırılması, perspektiv aşqar və aşqar paketləri əsasında yeni yağ analoqlarının yaradılması sahəsində elmi və praktiki işlər yerinə yetirilir.

Aşqarlar Kimyası İnstitutunun elmi-texniki yardımı ilə Təcrübə-Sənaye Zavodunda bir sıra sürtkü materiallarının istehsalı təşkil edilib və istehsal edilən məhsullar respublikanın bu məhsullara olan tələbatının müəyyən hissəsini təmin edir. Həmçinin, Təcrübə-Sənaye Zavodunda məhsulların istehsalını təmin etmək üçün onların müvafiq sınaqları aparılmış, aşağıdakı sürtkü materiallarının texniki şərtləri işlənilmiş, Azərbaycan Standartlaşdırma İnstitutunda dövlət qeydiyyatına alınmışdır:

  1. TŞ AZ 1500051871.079-2019 “ Mühərrik yağları”
  2. TŞ AZ 1500051871.080-2019 “Hidravlik yağlar”
  3. TŞ AZ 1500051871.081-2019 “Transmissiya yağları”
  4. TŞ AZ 1500051871.082.2019 “Floran sürtküsü”

Modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının regenerasiya texnologiyası yaradılmış və Təcrübə-Sənaye Zavodunda bu texnologiyanın tətbiqi üzrə işlər aparılır.

2019-cu illdə AMEA Aşqarlar Kimyası İnstitutu tərəfindən H.Əliyev adına “Azərneftyanacaq” Neft Emalı Zavodu üçün Zavodda BM-4 vakuum yağının istehsalını təmin etmək üçün “BM-4 vakuum yağı”-nın AZS 359-2009 standartının dövrü yoxlama və qüvvədə qalma müddətinin uzadılması üzrə işlər yerinə yetirilərək BM-4 vakuum yağının Texniki Şərtlərinin müddətinin uzadılması Respublika Standatrtlaşdırma İdarəsində təsdiqlənmişdir.

Eyni zamanda institut tərəfindən “Aşqar” Elmi İstehsalat Birliyində respublikada nar şirəsi istehsalı zamanı tullatı kimi alınan nar qabıqları əsasında quru tozvari reagent hazırlanıb və neftqaz quyularının qazılmasında istifadə etmək üçün təklif edilmişdir.

Bu təklif ARDNŞ-in razılığı ilə Siyəzəndə qazılan neft quyusunda əla nəticə ilə sınaqdan keçirilmiş, nəticələr aktlaşdırılmış və ARDNŞ-yə təqdim olunmuşdur.

Bu cür tozvari reagentlə dənizdə neft quyularını qazmaq çox sərfəlidir. Bu reagent xarici şirkətləri (Ukrayna və Dubay şirkətləri) çox maraqlandırır.

2020-2022-ci illərdə-ci illərdə Aşqarlar Kimyası İnstitutunda xüsusi təyinatlı motor yağının daha keyfiyyətli yeni analoqu yaradılıb, istehsalı Təcrübə-Sənaye Zavodunda təşkil edib və tonlarla məhsul Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilib. Həmin yağ Qarabağ müharibəsində də istifadə olunub. Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması prosesi bir neçə mərhələdən: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi, nəhayət, real mühərrikdə sınaqların aparılmasından ibarətdir.

Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu proses Ukraynada müvafiq xüsusi təyinatlı müəssisədə reallaşdırılıb və son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilib. Yaradılan xüsusi təyinatlı motor yağı “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunub və Azərbaycanın Respublikası Müdafiə Nazirliyinin Sınaq-Təcrübə Mərkəzində də real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb. Həmin motor yağına Ukraynanın xüsusi təyinatlı təşkilatından başqa Pakistan Respublikası Müdafiə Nazirliyi də böyük maraq göstərir.