AMEA Aşqarlar Kimyası İnstitutunda gənc alimə mükafat verildi

1517

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc tədqiqatçılar arasında 2017-ci il üzrə “Akademik Əli Quliyev adına mükafat” müsabiqəsi keçirildi. Müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alimin layiq görülməsi nəzərdə tutulmuşdu. Namizədlərin seçimi zamanı onların “Tomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində referatlaşdırılmış impakt faktorlu jurnallarda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması və elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük verilmişdi.

Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif etmişdi. Şura üzvlərinin müzakirəsi nəticəsində gənc tədqiqatçı Xədicə Məmmədyarova mükafata layiq görüldü, ona diplom və pul mükafatı təqdim olundu.

Məlumat üçün qeyd edək ki, gənclər üçün “akademik Əli Quliyev mükafatı” artıq 4 ildir ki, təsis olunub. İndiyə qədər 4 gənc alim bu mükafa layiq görülüb.

PAYLAŞ