AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşları akademik İzzət Orucovanın ad günündə məzarını ziyarət ediblər

63

Bu gün Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycanlı kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Əməkdar Elm və Texnika Xadimi İzzət Orucovanın doğum gündür. Bu münasibətlə vaxtı ilə laboratoriya rəhbəri olduğu AMEA Aşqarlar Kimyası İnstitutunun Motor yağlarına aşqar kompozisiyaları laboratoriyasının müdiri, akademikin yetirməsi, texnika elmləri doktoru, professor Həqiqət Cavadova və digər əməkdaşları İkinci Fəxri Xiyabanda onun məzarını ziyarət edib, qəbri üzərinə güllər qoyub, ruhuna dualar oxutdurublar.

Məlumat üçün qeyd edək ki, kimyaçı akademik İzzət Orucova V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olmuşdur.

Əsas tədqiqatları sürtkü yağları istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.

Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti olmuşdur. Allah rəhmət eləsin!

PAYLAŞ