AMEA YTP ilə Aşqarlar Kimyası İnstitutu arasında birgə fəaliyyət genişləndiriləcək

62

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) AMEA Yüksək Texnologiyalar Parkının (YTP) nümayəndələri ilə görüş keçirildi. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev qonaqlara bu elmi tədqiqat müəssisəsinin yaranma tarixi, strukturu, fəaliyyətinin əsas istiqamətləri, yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələri və son illərdə əldə etdiyi fundamental nəzəri və tətbiqi nailiyyətləri haqqında geniş məlumat verdi, indiyə qədər ölkə iqtisadiyyatında tətbiq olunmuş və hazırda real iqtisadiyyata tətbiqə oluna biləcək işlərə aid məlumatları sadalayıb, xüsusən, ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrlərdə AKİ-nin tətbiq olunmuş və hazırda tətbiq olunmaqda olan elmi işlərini diqqətə çatdırdı.

Rəhbərlik etdiyi bu elmi-tədqiqat müəssisəsinin AMEA YTP-nin rezidentlərinə göstərilən elmi texniki dəstəkdən söz salan akademik V.Fərzəliyev bildirdi ki, tamamilə təmənnasız görülən bu işlər əsasən müxtəlif sürtkü materiallarının yaradılması, onların beynəlxalq standartlara uyğun sınaqlarının aparılması, ayrı-ayrı sürtkü materiallarının istehsal və istehlakını təmin edən normativ-texniki sənədlərin tərtib edilməsi, müvafiq təşkilatlarla razılaşdırılması, AMEA Təcrübə Sənaye Zavodunun istehsal etdiyi sürtkü materiallarının tətbiqi ilə əlaqədar istehlakçı təşkilatlarda müəlliflik nəzarətinin həyata keçirilməsi, həmin məhsullara dair Azərbaycan, rus və ingilis dillərində reklam prospektlərinin hazırlanması və Zavodun laboratoriyalarında müvafiq analizlərin aparılması üçün AKİ tərəfindən kadr hazırlığını əhatə etmişdir.

V.Fərzəliyev bundan sonra da YTP və onun rezidentlərinə elmi-texniki dəstəyin veriləcəyini qeyd etdi.

YTP-nin direktoru, akademik Əli Abbasov AMEA-nın müxtəlif tətbiqyönlü elmi-tədqiqat müəssisələrinin, o cümlədən kimya institutlarının alimlərinin əldə etdikləri elmi nəticələrin kommersiyalaşdırılmasının rəhbərlik etdiyi Parkın əsas vəzifələrindən biri olduğunu qeyd edərək, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu istiqamətin inkişafına xüsusi diqqət yetirildiyini vurğuladı.

O, Aşqarlar Kimyası İnstitutuna gəlişinin əsas məqsədinin bu elmi müəssisənin texniki potensialı, YTP-də tətbiqi mümkün olan real işləri ilə yerində tanış olmaq, iki qurum arasında perspektiv planda dayanan əməkdaşlıq məsələlərini müzakirə etmək olduğunu bildirdi.

Bu günlərdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə intellektual biliyin, elmi-texnoloji innovasiyaların transferi məsələlərinin mövcud vəziyyəti və istiqamətlərinin müzakirəsinə həsr olunmuş onlayn konfrans keçirildiyini və o tədbirdə texnologiyaların transferinin milli iqtisadi strategiya ilə əlaqəsi, əqli mülkiyyətin milli tənzimləmə və qorunma bazası ilə əlaqəsi, elmi tədqiqatların maliyyələşdirilmə strukturu, tədqiqat mərkəzi, universitet və sənaye əməkdaşlığı, dövlət tərəfindən maliyyələşdirilən tədqiqat işlərinin qiymətləndirilməsi kimi vacib məsələlərin müzakirə olunduğunu və bu kimi məsələlərdə AMEA-nın bu istiqamətdə institutları və alimlərinin təcrübəsindən istifadə olunmasının vacibliyi diqqətə çatdırıldı.

Görüşdə AMEA-nın tətbiqi institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutu ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyalaşdırılması və elmi nailiyyətlərin stimullaşdırılması istiqamətində fəal iş yerinə yetirilməsinin məqsədəuyğunluğu da qeyd edildi.

Görüşdə növbəti mərhələdə əməkdaşlıq edilə biləcək konkret istiqamətlər haqqında da geniş fikir mübadiləsi aparıldı.

Sonra qonaqlar institutun bəzi zərif üzvi sintez və analiz laboratoriyalarının cihaz və avadanlıqları ilə yaxından tanış oldu.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev, ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov və elmi işçi İnqilab İsmayılov iştirak edirdilər.

PAYLAŞ