Cənubi Koreyada smartfonların buraxılışı dayandırılacaq

465

Yaxın vaxtlarda Cənubi Koreya ərazisində smartfonların buraxılışı dayandırılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, sahə üzrə analitiklərin hesabatına görə, Cənubi Koreyanın iki smartfon istehsalçısı – “Samsung Electronics” və “LG Electronics” daxili bazarda ya istehsal xəttini dayandırır, ya da istehsalı azaldır.

Hazırda şirkətlər istehsalı işçi qüvvəsi üçün xərclərin az olması ilə əlaqədar məhsulun maya dəyərinin aşağı olduğu üçüncü dünya ölkələrinə köçürürlər. Bu, Çin şirkətləri ilə daim artan rəqabət fonunda xüsusi əhəmiyyət kəsb edir.

Cənubi Koreyada smartfon istehsalının tezliklə sıfıra enəcəyi ehtimal olunur. “Strategy Analytics” şirkətinin hesabatına görə, 2008-ci ildə Cənubi Koreyada buraxılan smartfonlar dünya bazarına ümumi tədarükün 11,4 faizini təşkil edib, 2018-ci ildə isə bu göstərici 1,3 faizədək azalıb.

Cənubi Koreyada smartfon istehsalının “LG Electronics” şirkətinin ilin sonunadək Kenqi əyalətində Pxentek zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı qəbul etdiyi qərardan sonra azalmaqda davam edəcəyi gözlənilir. Şirkət istehsalı 2014-cü ildən fəaliyyət göstərdiyi Vyetnamın Hayfonq şəhərinə köçürməyi nəzərdə tutur.

Digər tərəfdən, “Samsung Electronics” Cənubi Koreyada istehsalı azaldır. Şirkət 10 il əvvəl hər il ölkədə 60 milyona yaxın smartfon buraxdığı halda hazırda 20 milyon istehsal edir. Vyetnam, Braziliya, Hindistan və İndoneziyada zavodlara malik “Samsung” ümumilikdə hər il 300 milyon qurğu istehsal edir.

Şirkət, həmçinin smartfon istehsalı tempini yüksəltmək məqsədilə Hindistanda əlavə zavodların tikintisini planlaşdırır.

 

PAYLAŞ