Inhibitor xassəli üzvi birləşmələr laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə fəlsəfə doktoru, dosent

VƏLİ KAZIMOV

Tərkibində heteroatomlar olan yeni üzvi birləşmələrin sintezi və  korroziya inhibitorları və fizioloji fəal maddələr kimi tədqiqi

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı gündən fəaliyyət göstərir. Laboratoriya öz fəaliyyətini “Polimer maddələrə stabilizatorların sintezi və tədqiqi” adı altında başlamış, 1980-ci ildən bu günə qədər “Korroziya inhibitorları” laboratoriyası kimi fəaliyyətini davam etdirir. Laboratoriyanın ilk rəhbəri kimya üzrə fəlsəfə doktoru Fəxrəddin Məmmədov olmuşdur. 1988-2021-ci illərdə  laboratoriyaya kimya elmləri doktoru, professor Fikrət Məmmədov rəhbərlik etmişdir. Hal-hazırda laboratoriyanın müdiri vəzifəsini kimya üzrə fəlsəfə doktoru, dosent Vəli Kazımov icra edir.

1965-1980-cı illər ərzində laboratoriyanın kollektivi müxtəlif kükürdlü, azotlu, və fosforlu üzvi maddələrin sintezini həyata keçirmiş və onları polimerlərə stabilizatorlar kimi tədqiq etmişdir. Aparılmış tədqiqatlar nəticəsində Сван-1 və Сван-1С kimi antiozonantlar işlənilmiş və tətbiq üçün tövsiyə edilmişdir.

1980-cı ildən laboratoriyada fenollar və asetofenonlar əsasında yeni azotlu və kükürdlü birləşmələrin məqsədyönlü sintezi həyata keçirilmiş, alınmış birləşmələrin müxtəlif aqressiv mühitlərdə korroziya inhibitoru, sürtkü yağlarının tərkibində aşqar kimi və bioloji aktiv maddə kimi tədqiqi aparılmışdır. Aparılan elmi-tədqiqat işləri əsasında sənayedə öz tətbiqini tapan və tətbiqə tövsiyə olunan bir sıra yüksək keyfiyyətli yeni aşqar, korroziya inhibitoru və dərman preparatları əldə olunmuşdur.

ИК ЛАБ-4 turş qatranın ammonium duzunun suda məhlulundan ibarətdir.

BBF (bisfenolun barium duzu) yağların oksidləşməyə davamlığını artırır. Bu birləşmə həm fərdi, həm də kompozisiya şəklində yüksək təsirə malik aşqar kimi tətbiq üçün tövsiyə edilmişdir.

ИК ИПГ inhibitoru neft və qazçıxarma sənayesində yeraltı avadanlıqların turş mühitdə korroziyaya uğramasının qarşısını almaq üçün istifadə olunur. İnhibitor alkilfenol, formalin və dietanolamin əsasında əldə olunur. Mühafizə effekti 98-100% təşkil edir.

AK-3 inhibitoru turş qatranın ammonyakla işlənməsindən əldə olunur. Əsas etibarı ilə su dövriyyəsi olan sistemdə istifadə edilir, həmçinin xlorsuz mühitdə duzçökmənin və bioörtülmənin qarşısını alır. Bu maddə Saratov şəhərində yerləşən “Nitron” zavodunda yoxlanılmış və sənayedə tətbiq olunmuşdur.

Aminofen geniş spektrdə antimikrob xassəyə malikdir və Xloramin dezinfektantından effektlidir. Aminofen yağlayıcı-soyuducu mayelərin (YSM) biozədələnməsinin qarşısını alır, onların dəyişmə müddətini artırır və Vazin biosidindən effektlidir. Bundan əlavə, o, yüksək duzlu sudövri sistemlərdə istifadə olunan hipoxloriddən 2 dəfə effektlidir. Aminofenin dezinfektant və antiseptik kimi tibbdə, veterinariyada və neft-kimya sənayesində universal biosid qismində tətbiqi tövsiyə olunmuşdur.

Perspektivdə laboratoriyada inhibitorların sintezi və tədqiqi istiqamətində aparılan işlərlə yanaşı, həm də alkilfenollar və asetofenonlar əsasında yeni bioloji aktiv maddələrin alınması və tədqiqi nəzərdə tutulur.