Aşqar və sürtkü kompozisiyaları laboratoriyası

Laboratoriya müdiri

texnika üzrə elmlər doktoru, professor

HƏQİQƏT CAVADOVA

Müxtəlif daxili yanma mühərrikləri üçün mineral, sintetik və yarımsintetik baza yağları və müxtəlif funksiyalı aşqarlar əsasında  yüksək istismar xassələrinə malik yeni sürtkü kompozisiyalarının işlənilməsi və işlənmiş sürtkü yağlarının yenidən istismara tətbiqinin təmini məqsədilə onların regenerasiya texnologiyasının işlənilməsi

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Müxtəlif illərdə laboratoriyaya texnika üzrə elmlər doktoru, AEA-nın akademiki İzzət Orucova (1965-1983) və kimya üzrə elmlər doktoru, professor Nazim Mustafayev (1983-1988) rəhbərlik etmişlər. 1988-ci ildən laboratoriya müdiri vəzifəsində texnika üzrə elmlər doktoru, professor Həqiqət Cavadova çalışır.

İnstitutda işlənilən və sənayedə tətbiq edilən müxtəlif funksional xassələrə malik СБ-3, СБ-3у, СК-3, ИХП-21, БФКу və ИХП-101 aşqarlarının istifadəsi ilə aparılan tədqiqat işləri nəticəsində benzin və müxtəlif təyinatlı dizel daxili yanma mühərrikləri üçün mineral, sintetik və yarımsintetik mənşəli baza yağları, o cümlədən Azərbaycan neftlərindən alınan distillə yağlarından istismar xassələrinə görə xarici analoqlardan geri qalmayan, müasir tələblərə cavab verən B, Г, Г1, Г2, ВБ, ГБ və ДМ qrup sürtkü yağları yaradılmışdır.

Müasir konstruksiyalı dizel mühərriklərində istifadə edilən sürtkü yağlarının istismar xassələrinə qoyulan tələblərin sərtləşməsi ilə əlaqədar olaraq yüksək qələvi ədədi və aşağı kül göstəricilərinə malik, tərkibində P, S, N, Ca, Zn, B və s. elementlər və funksional qruplar olan aşqarlar əsasında yeni sürtkü kompozisiyaları işlənilmişdir. Təkibində müxtəlif heteroatomlar saxlayan yeni alkilfenolyatların ИХП-114, ИХП-130, ИХП-105, AKİ-140, AKİ-150, AKİ-219 və digər aşqarların yüksək effektliyini nəzərə alaraq, yaradılan aşqar kompozisiyalarının müasir tələblərə uyğun sürtkü yağlarının istehsalında istifadəsi tövsiyə edilmişdir.

Avtotraktor, gəmi, teplovoz, stasionar və nəqliyyat, qazma texnikası və öz yükünü boşaldan dizel mühərrikləri üçün laboratoriyada yaradılmış M-8B, M-8Г1, М-10В2, М-14В2, M-10Г2, М-20Бп, М-14ГБ və М-16ИХП-3 motor yağları müxtəlif illərdə (1995-2004) istehsal edilmiş, respublikanın müharibə şəraiti dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyinin Sərhəd Qoşunları, Müdafiə Nazirliyi “Xüsusi Texnika” EİB, Dövlət Dəmiryolu İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinin bu yağlara olan tələbatı təmin edilmişdir.

İstehsal olunan bütün motor yağları və tətbiq üçün tövsiyə edilən sürtkü kompozisiyaları Azərbaycan Respublikası patentləri ilə müdafiə olunmuşdur.

Laboratoriyada Xəzər Dəniz Donanması, ARDNŞ “Bayıl Limanı” Dəniz Kompleks Qazma İşləri Tresti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün yerli xammal əsasında M-20B2Ф dizel yağının aşqar paketi işlənilmişdir.

Laboratoriyada yüksək parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – Depressator AKİ yaradılmışdır. Bu aşqar hazırda Bakı-Ceyhan neft kəmərlərində müvəffəqiyyətlə istifadə edilir.

Laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri də müxtəlif növ texnikada istifadə olunan sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılmasıdır.

İşlənmiş motor yağının regenerasiyası yaradılmış və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatlar aparılır.