Mobil bank troyan viruslarının sayı 58% artıb

773

2019-cu ilin birinci rübündə “Kasperski Laboratoriyası” təxminən 30 min mobil bank troyan virusu aşkar edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 58% daha çoxdur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bank troyan virusları bank hesabları və qurbanın elektron pulqabılarına müdaxilə etməyə imkan verən məlumatın toplanması yolu ilə pul oğurlayırlar. Məsələn, özünü populyar leqal proqram kimi qələmə verən virus hansısa bəhanə ilə istifadəçini onlayn-bankçılıq sisteminin loqin və parolunu paylaşmağa məcbur edir.

2019-cu ilin ilk üç ayı ərzində mobil qurğu istifadəçiləri əksər hallarda üç bank troyan virusu ilə üzləşiblər: “Svpeng” (20%), “Asacub” (18%) və “Agent” (15%). “Asacub” müxtəlif dövrlərdə gündə 13 minədək unikal istifadəçiyə hücum edib.

Maliyyə təhdidləri ilə toqquşma riskini minimuma endirmək üçün “Kasperski Laboratoriyası” istifadəçilərə proqramları yalnız etibarlı mənbələrdən quraşdırmağı, həmçinin spam-mesajlardakı linklərə  keçid etməməyi və onlara bərkidilmiş sənədləri açmamağı tövsiyə edir.

PAYLAŞ